Şrift:
Varşavada Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş sərgi açılıb
06.04.2022 [10:31] - Xəbərlər, Siyasət
Varşavanın Lajenki Kral Muzeyində Azərbaycan və Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş sərginin açılışı olub.

Tədbirdə Polşa Seyminin və Senatının üzvləri, Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və müavinləri, Polşa hökuməti, akademik, incəsənət və biznes dairələrin nümayəndələri, Polşanın müftisi və dini icmaların üzvləri iştirak ediblər.

Sərgidə təqdim olunan tarixi fotoşəkillər və materiallar Azərbaycan Dövlət Xəbər Agentliyi (AZƏRTAC), Azərbaycan Milli Arxiv İdarəsi və Varşavadakı Tarix Görüş Evinin dəstəyi ilə toplanıb. Görkəmli Azərbaycan memarı, professor Elçin Əliyev və Polşa Fotoqrafları FORUM Agentliyinin üzvü Kşiştof Voyçik sərginin baş tutmasına önəmli töhfə veriblər.

Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova cari ildə 4 mühüm yubileyin qeyd olunduğunu bildirərək 2022-ci ilin xalqlarımız arasında münasibətlərin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyi və strateji tərəfdaşlığın 5 illiyi, habelə Papa II İoan Pavelin Azərbaycana apostolik səfərinin 20-ci ildönümü ilə xarakterik olduğunu diqqətə çatdırıb.

Səfir vurğulayıb ki, Şərqlə Qərbin qovuşduğu yer olan Azərbaycan çoxsaylı mədəniyyətlərin Vətənidir. Bu diyarda böyük sivilizasiyalar - Zərdüştlük Qafqaz Alban Kilsəsinin Xristianlığı ilə çiyin-çiyinə yaşayıb, Yəhudilik və İslam bölgənin mədəniyyətinə öz xüsusi töhfələrini verib. Bu nailiyyətlər II İoan Pavelin Azərbaycan haqqında dediyi kimi tolerantlıq və qarşılıqlı anlayış ruhu nəticəsində mümkün olub. Bu gün Azərbaycan cəmiyyətinə xas olan multikulturalizm və tolerantlıq milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq, hər bir vətəndaşımızın həyatının ayrılmaz xüsusiyyətinə çevrilib.

Ardınca səfir Azərbaycanın 200 illik polyak irsinə ev sahibliyi etdiyini xatırladaraq qeyd edib ki, 20-ci əsrin əvvəllərində polyaklar Azərbaycanda memar və hüquqşünas, mühəndis və ziyalı, müəllim və hərbi qulluqçu, biznesmen və dövlət xadimi kimi fərqləniblər. Onlar Şərqdə və türk dünyasında ilk dünyəvi parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak ediblər. Polyak vətəndaşlarımız demək olar ki, bütün hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində təmsil olunaraq ümumi vətənimiz olan Azərbaycanın maraqları üçün səylərini əsirgəməyiblər. Həmin görkəmli şəxsiyyətlər sırasında 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Bakının əlamətdar transformasiyasında mükəmməl irs qoyan polşalı memarların rolu vurğulanıb. Neft sənayesindəki kütləvi bum nəticəsində “Qafqazın Parisi”nə çevrilən Bakının məhz polyak memarlıq fenomeninin şahidi olduğu bildirilib.

N.Qurbanova şəhərin qurulmasına ardıcıl olaraq polyak əsilli üç baş memarın - Yozef Qoslavski, Kazimierz Skoreviç və Yozef Ploşkonun, həmçinin Bakı Şəhər Şurasının memarlıq şöbəsində çalışan Yevgenius Skibinskinin nəzarət etdiyini xatırlayaraq, onların həmin dövrdə bir sıra inanılmaz binaların dizaynını hazırladıqlarını deyib.

Polyak memarlığının töhfələrinin Azərbaycanın digər bölgələrinə də yayıldığı haqqında məlumat verən səfir diqqətə çatdırıb ki, Yozef Ploşko Şamaxı şəhərində zəlzələdən sonra Cümə məscidinin yenidən qurulmasına rəhbərlik edib, İqnası Kşıştaloviç həmin dövrdə Gəncənin baş memarı olub. Sürgündə olan polyak əsgərləri tərəfindən tikilən katolik kilsələri hələ də Qusar və Zaqatala şəhərlərində mövcuddur.

N.Qurbanova əlavə edib ki, 1 ay müddətində Varşavanın ən prestijli məkanlarından olan Kral Lazienki parkında sərgilənəcək tarixi fotoşəkil və materiallar ölkəmizdəki 200 illik polyak mirasının Polşa ictimaiyyətinə təqdim olunmasına imkan yaradır. Cari il mayın 27-dən etibarən “LOT” Polşa çilli aviaşirkətinin həftədə 4 dəfə olmaqla, Bakıya birbaşa uçuş həyata keçirəcəyini xatırladan səfir birbaşa hava əlaqəsinin polşalı dostlarımız üçün təkcə Azərbaycana səyahət imkanı yaratmadığını, eyni zamanda, ölkəmizdəki rəngarəng polyak irsdən zövq almaq fürsəti yaratdığını bildirib.

Professor Elçin Əliyev çıxış edərək polyak memarların Azərbaycandakı yaradıcılıq fəaliyyəti və möhtəşəm əsərləri haqqında iştirakçılara məlumat verib. O qeyd edib ki, Azərbaycanlı və Bakıda yaşayan əcnəbi milyonçular tərəfindən Avropanın hər yerindən dəvət edilən istedadlı memarlar, o cümlədən polyak memarlar öz vəzifələrinə ən yüksək peşəkarlıqla yanaşmaqla yanaşı, bu gün dünyanın bir çox memarlıq müəssisələrində öyrənilən özünəməxsus “Bakı moderni” üslubunu yaradıb, onlara öz məhəbbət və könüllərini həsr ediblər. Əlavə olunub ki, Avropanın bütün memarlıq-tikinti təhsil müəssisələrinin tələbələri həmin dövrün ən sürətli inkişaf edən şəhəri olan Bakıya istehsalat təcrübəsinə gəlirdilər və onların böyük əksəriyyətini Polşa memarları təşkil edirdi. Polyak memarların dəqiq sayı bilinməməklə yanaşı, bu günə kimi onlardan 17 nəfərin adı müəyyənləşdirib, 81 binanın müəllifliyi təsdiqlənib və 4 memarın fotoşəkili əldə olunub. Çıxışının sonunda Polşanın memarlıq tədqiqatçıları ilə əməkdaşlığa hazır olduqlarını ifadə edən E.Əliyev qonaqları polyak irsini yerində görmək üçün Bakıya dəvət edib.

Açılışda Lajenki Kral Muzeyinin direktoru Zbiqnev Vaver və Kşıştof Voyçik da çıxış edərək sərgi ilə bağlı təəssüratlarını bölüşüb və mövzunun əhəmiyyətini vurğulayıblar. Polyak xalqının Azərbaycanın mədəni, intellektual, akademik və iqtisadi müxtəlifliyinə verdiyi dəyərli töhfələr fonunda bu qəbildən layihələrin xalqlarımız arasında çoxəsrlik dostluğun və ölkələrimiz arasındakı strateji tərəfdaşlığın ruhuna uyğun işlərə zəmin hazırladığı qeyd olunub.

Tədbir tarixi fotoşəkil və materialların sərgisi, həmçinin məşhur Azərbaycanlı bəstəkarlar Xəyyam Mirzəzadə və Zakir Bağırovun arfa üçün musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed