Şrift:
Azərbaycan-Yeni Zelandiya münasibətləri müzakirə olunub
06.04.2022 [11:02] - Gündəm, Sosial
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Yeni Zelandiyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri xanım Sara Uolşu ilə görüşüb.

Görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edərək, ona müvəffəqiyyətlər arzulayıb, Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə məlumat verib.

Azərbaycanla Yeni Zelandiya arasında münasibətlərə toxunan ölkəmizin səfiri ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb. Bu kontekstdə turizm sahəsində əməkdaşlığın təşviqinin əhəmiyyəti önə çəkilib.

Polad Bülbüloğlu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Qələbəsi nəticəsində həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, aparılmış danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyəti haqqında yeni zelandiyalı həmkarını məlumatlandırıb.

Bundan əlavə, postmünaqişə dövrü, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin gedişatı barədə də söz açılıb.

Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Sara Uolşa Azərbaycanın milli baş örtüyü olan kəlağayı, Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilib.

Yeni Zelandiyanın səfiri maraqlı və məhsuldar görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed