Şrift:
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla ikinci üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı
07.04.2022 [11:17] - Xəbərlər, Siyasət
Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat verib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionunda vəziyyətə dair müzakirələrin davam etdirilməsi və Avropa İttifaqının hər iki ölkə ilə münasibətlərinin inkişafı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı qəbul etdi.

Prezident Mişel gərginliklərin aradan qaldırılmasında yaxından çalışmağın, Ermənistan və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və regionda yaşayan bütün xalqların faydası naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın təşviq edilməsinə Avropa İttifaqının sadiq olduğunu bildirdi.

Liderlər 2021-ci ilin dekabr ayında Brüsseldə keçirilmiş son görüşdən və 2022-ci ilin fevral ayında Prezident Makronun iştirakı ilə videokonfransdan sonra hadisələrin inkişafını və tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı irəliləyişi nəzərdən keçirdilər. Onlar bu yaxınlarda baş vermiş gərginlikləri müzakirə etdilər və 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət edilməsinin zərurətini qeyd etdilər. Onlar Ermənistanın və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin Brüsseldə Avropa İttifaqının himayəsi altında 2022-ci il martın 30-da keçirilmiş görüşünü alqışladılar və liderlər səviyyəsində əldə olunmuş razılıqların müvafiq şəkildə inkişaf etdirilməsi ilə bağlı bu fəaliyyətin davam etdirilməsinin zərurətinə dair razılığa gəldilər.

Prezident Mişel etimadı və dinc birgə yaşayışı təşviq etmək məqsədilə hər iki tərəfdən humanitar jestlərin əhəmiyyətini vurğuladı. O, həll olunmamış bütün humanitar məsələlərin tam və çevik həllinə ehtiyacın olduğunu, o cümlədən hələ də saxlanılmaqda olan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı məsələnin hərtərəfli həllini vurğuladı və Avropa İttifaqının bu işə dəstək olmağa hazır olduğunu bildirdi. Avropa İttifaqı öz növbəsində Azərbaycan və Ermənistan arasında etimadın qurulması tədbirlərinə və humanitar məqsədli minatəmizləmə səylərinə, o cümlədən ekspert məsləhətini təmin etməyə davam etməklə münaqişədən əziyyət çəkən əhaliyə maliyyə yardımının artırılması, bərpa və yenidənqurma işlərinə dəstək olacaqdır.

Prezident Mişel həm Prezident Əliyev, həm də baş nazir Paşinyan tərəfindən ölkələr arasında sülh sazişinə doğru sürətli irəliləmək arzularının ifadə edilməsini qeyd etdi. Bu məqsədlə bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılıq əldə olundu.

Hər iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası zəruri olacaqdır. Bu məqsədlə 2021-ci il 26 noyabr tarixli Soçi Bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə olundu. Birgə Sərhəd Komissiyasının mandatına aşağıdakılar daxil olacaqdır:

1. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası.

2. Sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi.

Prezident Mişel, həmçinin qeyd etdi ki, qüvvələrin müvafiq məsafədə olmasının təmin edilməsi insident və gərginliklərin azaldılmasının əhəmiyyətli elementidir. Prezident Mişel Avropa İttifaqının məsləhət və dəstək təmin etməyə hazır olduğunu bir daha bildirdi.

Liderlər, həmçinin xüsusilə Ermənistan və Azərbaycan arasında və daha geniş mənada Cənubi Qafqazda kommunikasiya/bağlılıq infrastrukturunun bərpasını da müzakirə etdilər. Prezident Mişel dəmir yollarının bərpası istiqamətində atılmış addımları alqışladı, eyni zamanda, Ermənistanı və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv üsullar tapmağa dəvət etdi. Avropa İttifaqı bağlılıq əlaqələrinin inkişafını dəstəkləməyə, o cümlədən İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunmuş iqtisadi məşvərət forumundan da istifadə etməyə hazırdır.

Liderlər görüşlərinin nəticələrinə dair işi davam etdirmək və prosesə sadiq qalmaqla bağlı razılıqlarını bildirdilər.
Bu xəbər oxucular tərəfindən 270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed