Şrift:
Türkiyə Prezidenti ilə Avstriya Kansleri arasında telefon danışığı olub
11.04.2022 [10:27] - Xəbərlər, Sosial
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avstriya Kansleri Karl Nehammer arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, danışıq zamanı Türkiyə-Avstriya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla yanaşı, Rusiya-Ukrayna böhranı da daxil olmaqla regional məsələlər müzakirə edilib.

Türkiyə ilə Avstriya arasındakı yüksək səviyyəli təmaslardan məmnunluğunu ifadə edən Prezident Ərdoğan iki ölkə arasında ən güclü insani bağı təşkil edən Avstriyadakı türk toplumunun rifahı və əmin-amanlığı üçün göstəriləcək həssaslığın mövcud müsbət atmosferi daha da gücləndirəcəyini söyləyib.

Rusiya-Ukrayna böhranına toxunan Prezident Ərdoğan bu iki ölkə arasında sülhün bərqərar olması üçün əllərindən gələn səyləri göstərməyə davam etdiklərini bildirib.

Türkiyə ilə Avropa İttifaqı ölkələri arasındakı qurulmuş əlaqə mexanizmlərinin yenidən işə salınması, viza rejiminin liberallaşdırılması prosesində konkret irəliləyiş əldə edilməsi, yeni səhifələrin açılması və Gömrük İttifaqının yenilənməsi üçün təxirə salınmadan danışıqlara başlanılması ilə bağlı gözləntilərini bir daha vurğulayan Prezident Ərdoğan Xəzər hövzəsi və Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarının Türkiyə ərazisindən Avropaya nəqlinin strateji xarakter daşımasına da diqqət çəkib. Türkiyə Prezidenti bu nöqtədə təbii qaz sahəsində Avropanın mühüm paylama mərkəzi olan Avstriya ilə əməkdaşlığı artıra biləcəklərini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed