Şrift:
Azərbaycan XİN: Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq
11.04.2022 [11:04] - Xəbərlər, Siyasət
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) növbəti əsassız, hüquqa zidd, düşmənçilik dolu bəyanatını rədd edir, iki dövlət arasında normallaşma addımlarının atılması qərarları verildiyi bir vaxtda Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 10 aprel tarixli bəyanatına dair şərhində bildirilib.

“Bir milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq, bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına pozan, hərbi təcavüz zamanı çoxsaylı hərbi cinayətlər törədən, o cümlədən 613 mülki şəxsi Xocalıda bir gecədə vəhşicəsinə qətlə yetirən, hələ 1990-cı illərin əvvəllərində itkin düşən və bir hissəsinin kütləvi məzarlıqları indi tapılan 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı cavabdehlik daşıyan və törətdiyi çoxsaylı cinayətlərə görə bu günədək məsuliyyətdən yayınan Ermənistan tərəfi hansı əsasla kütləvi qətldən, etnik təmizləmədən danışır?!

Ermənistan XİN-in Azərbaycan ərazisində separatçılığı təşviq edən, beynəlxalq hüquqa zidd olaraq digər dövlətin daxili işlərinə müdaxilə olan, bölgədə sülh quruculuğu səylərinə xələl gətirən bu bəyanatı qarşı tərəfin əsl niyyətinin normallaşma və sülh şəraitində birgə yaşayış olmadığını nümayiş etdirir. Ermənistanın seçimindən asılı olmayaraq, Azərbaycan öhdəliklərinə və beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq sərhədləri çərçivəsində inkişaf və tərəqqiyə doğru addımlarını davam etdirəcəkdir”, - deyə Azərbaycan XİN-in şərhində qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed