Şrift:
UNICEF: Afrikanın Buynuz regionundakı quraqlıq 20 milyon insanın həyatını təhdid edir
13.04.2022 [09:17] - Xəbərlər, Sosial
Afrikanın Buynuz regionundakı quraqlıq 20 milyon insanın həyatını təhdid edir.

UNICEF-in Şərqi və Cənubi Afrika üzrə regional direktoru Mohamed M.Foll bu barədə xəbərdarlıq edərək vəziyyəti “bəşəriyyətin üzləşdiyi ən böyük humanitar böhranlardan biri” adlandırıb.

Qode şəhərindən (Somali) yenicə gəlmiş M.Foll çoxlu sayda məcburi köçkünlə bağlı son dərəcə çətin vəziyyətin şahidi olduğunu bildirib. UNICEF-in hesablamalarına görə, təkcə Efiopiyada quraqlıq səbəbindən humanitar yardıma ehtiyacı olan doqquz milyon insan, 1,7 milyon köçkün uşaq və qida axtarışında evlərini tərk etmək məcburiyyətində qaldıqları üçün təhsili yarımçıq qalan 500 mindən çox uşaq var. Bu rəqəmə Efiopiyanın Tiqray bölgəsində müharibə nəticəsində köçkün düşmüş insanlar daxil deyil.

UNICEF-in hesablamalarına görə, Somalidə 7,5, Keniyada isə dörd milyondan çox insan quraqlıqdan əziyyət çəkir. Ümumilikdə, həyatları kəskin ərzaq çatışmazlığı, eləcə də su çatışmazlığı ilə təhlükə altında olan 20 milyon insan var. Su (və ya mövcud suyun keyfiyyəti) və qida çatışmazlığından əlavə, quraqlıq qızılca, sarı qızdırma və vəba xəstəliyinə səbəb olur.

M.Follın fikrincə, Afrika Buynuzu bölgəsində davam edən böhran ərzaq böhranından daha ciddidir, çünki bu, köçkünlük zamanı və ya ailələrindən ayrı düşmüş uşaqların istismarı, sui-istifadəsi və ya uşaq nikahlarının qurbanına çevrilməsi kimi digər problemləri daha da gücləndirir.

M.Foll bildirib ki, bu humanitar böhranın böyük vəsaitlər və beynəlxalq icmaların səfərbərliyi ilə aradan qaldırıla biləcəyindən əmindir.
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed