Şrift:
“Azərbaycanım” uşaq rəsm müsabiqəsi davam edir
14.04.2022 [10:10] - Gündəm, Mədəniyyət
Uşaq və yeniyetmələr üçün elan olunmuş “Azərbaycanım” V Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir.

Müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində keçirilir.

Müsabiqə uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə təşkil olunur.

Yaşı 21-ə qədər olan istedadlı şəxslər mayın 2-dək Xətai Sənət Mərkəzinin feysbuk səhifəsinə (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim etdiyi əsərin fotosu, əsərin adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilər.

Əsərlər feysbuk qrupunda tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.

Mövzu sərbəstdir. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

Seçim zamanı müdaxiləsiz işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası.

Birinci turdan keçmiş əsərlər sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə gətirilməlidir.

Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində 2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq. Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Bu xəbər oxucular tərəfindən 2106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed