Şrift:
Fərəc Quliyev:İki mühüm faktor Ermənistanın Naxçıvanla yolun açılmasını istəməməsinə təkan verir
22.04.2022 [22:50] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidir. Bunu Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam. Çünki dəmir yolu ilə bağlı mən prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisinə düşən 100 kilometrindən artıq 60 kilometrlik hissəsini tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə biləcəyini göstərir”.

Naxçıvana quru dəhlizin açılması Azərbaycan iqtisadiyyatının vahid milli təsərrüfat sistemi kimi fəaliyyət göstərməsi istiqamətində olduqca zəruri addımdır. Bununla da Naxçıvan həm mühasirədən çıxarılır, həm də yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə Ermənistan da bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər.

Naxçıvanla kommunikasiyaların açılması həm də türk dünyası əlaqələrinin inkişafı baxımından mühüm hadisə olardı.

Ermənistan Naxçıvanla yolun açılmasını hansı səbəblərdən istəmir? Rusiyanın bu məsələdə mövqeyi prosesə hansı təsiri göstərir?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, iki mühüm faktor Ermənistanın Naxçıvanla yolun açılmasını istəməməsinə təkan verir. Birinci faktor odur ki, Ermənistan danışıqlarda və sülh sazişinin bağlanmasında bu alətdən Azərbaycana təsir vasitəsi kimi istifadə etmək istəyir: “Düşünürlər ki, Azərbaycan üçün Naxçıvanla quru yolunun açılması çox əhəmiyyətli məsələ olduğu üçün bununla alver etmək lazımdır. Azərbaycan alternativ seçəndən-İran ərazisindən Naxçıvana yol açılması barədə razılaşma əldə olunandan sonra-dərhal Ermənistan tərəfi bəyan etdi ki, Azərbaycan tərəfini gözləyirik və biz yolun açılmasına hazırıq.
İkinci faktor Rusiyanın təsiridir. Moskva düşünür ki, bu nəqliyyat dəhlizi Rusiyadan yan keçməklə nə olacaq, Rusiyaya sanksiyaların tətbiqi dəhlizdən istədiyi kimi istifadə etməyə maneələr yaradacaq. Rusiya hesab edir ki, bu dəhlizdən müəyyən iqtisadi dividentlər əldə etsə belə, siyasi məsələlərdə itkilərinə səbəb ola və müttəfiqi olan Ermənistanı itirməsinə gətirib çıxara bilər. Ermənistanın blokadadan çıxması və inkişafı Rusiyaya sərf etmir. Çünki Kremlə zəif və təzyiq altında olan, asılı bir Ermənistan lazımdır. İkincisi, Çin amili var. Üç gün öncə Çin ilk qatarını 11 min kilometrlik xətt üzrə buraxdı. Bu xətt Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropanın bir neçə ölkəsini özündə birləşdirir. Bu marşrut Rusiyanın idxal və ixrac bazarlarına şərik çıxa biləcək. Həm də artıq iqtisadi cəhətdən daha ciddi şəkildə Avropa İttifaqı ilə inteqrasiya sanksiyalar dönəmində Çinin Rusiyadan üz döndərməsinə, onunla birlikdə hərəkət etməməsinə gətirib çıxara bilər. Rusiya bu amili də nəzərə alır və Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə bağlayacaq yolun açılmasını istəmir. Ona görə də Rusiya iqtisadi gəlirlər götürməkdənsə, siyasi gəlir əldə etmək üçün qeyd olunan yolun açılması məsələsini siyasi alver predmeti kimi saxlamağa çalışır. Bunun üçün İrəvana təsir edir. Yəni Naxçıvana yolun açılmasına əsas maneə Rusiyadır. Moskva istəsə, İrəvan yol məsələsində tərəddüd edə bilməz və qısa bir zamanda məsələ müsbət həllini tapar".

Partiya sədri dediklərinə bir sübut kimi də 6 aprel Brüssel görüşündə razılaşmalardan sonra baş verənləri qeyd etdi: “Brüssel görüşündə razılaşma əldə olundu ki, dəhlizlə bağlı məsələlərin həlli sürətləndirilsin. Bu məsələni həll etmək Azərbaycanla Ermənistanın üzərinə qoyuldu. Ardınca dərhal Rusiya müdaxilə etdi, Nikol Paşinyanla müqavilə bağladı ki, loqistik imkanlardan birgə istifadə etsinlər, sanksiyalara qarşı birgə hərəkət etsinlər və sair. Bu məsələlərdə qətiyyən Brüssel danışıqlarındakı məqamlara yox, məhz Rusiyanın iştirakçı olduğu 10 noyabr üçtərəfli bəyanatına, Soçi və Moskvada keçirilmiş görüşlərdən sonra verilən bəyanatlardakı məqamlara istinad edilir. Bu da bir daha göstərir ki, Ermənistan ərazisindən Naxçıvana yolun açılmasının yubadılması və əngəllənməsində Rusiya əsas səbəbdir. Lakin proses ona doğru gedir ki, Ermənistan Rusiya ilə hansı müqaviləni bağlamasından və Rusiyanın hansı mövqedə olmasından asılı olmayaraq, sözügedən məsələdə gec-tez tədricən əlini daşın altına qoymalı olacaq”.

F.Quliyev hesab edir ki, Naxçıvan yolunun açılmasının gələcəkdə türk dünyasının əlaqələrinin inkişafına, birliyinə təkan verə biləcəyi perspektivi də türk dövlətlərini istəməyən dövlətlərin və qüvvələrin bu xəttin açılmasına tərəddüdlə yanaşmasına təsir göstərir. Türk dünyasına qarşı qısqanclıqlar, bəzi hallarda düşmənçilik münasibətləri həmişə olub. İndi də var. Lakin Ukrayna müharibəsi yavaş-yavaş türk dünyasına olan bu münasibəti arxa plana keçirməkdədir. Türkiyənin, türk dövlətlərinin önəmini görməyə, qəbul etməyə başlayırlar.

Etibar SEYİDAĞA/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed