Şrift:
Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda iştirak üçün Türkiyəyə yollanıb
04.05.2022 [10:38] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi mayın 5-dən 9-dək Türkiyədə keçiriləcək Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festivalda teatr V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edəcək. Festival Trabzon şəhərində keçiriləcək.

Milli Dram Teatrı festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə - 7-8 may tarixlərində Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirəcək.

Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır.

Tamaşanı Nərmin Həsənova idarə edir. İlk tamaşa 2019-cu ildə oynanılıb.

Qeyd edək ki, səhnə əsərinin dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün elementləri əksini tapıb. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilir.
Bu xəbər oxucular tərəfindən 1936 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed