Şrift:
Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilovun xatirəsi anılıb
09.05.2022 [09:54] - Xəbərlər, Hərb
Mayın 8-də Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi, baş əsgər Elməddin Vəkilovun anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, əvvəlcə şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi yad edilib, məzarına gül-çiçək dəstələri düzülüb.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Milli Məclisin deputatı Kamran Bayramov, rayon polis şöbəsinin rəisi Seymur Əfəndiyev, rayon prokuroru Şahin İmanov, Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin rəisi Natiq Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon bölməsinin rəisi Mirqasım Abbasov, müəssisə və təşkilatların rəhbərləri, şəhidin yaxınları, hərbçilər, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əhəd Abıyev çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərindən danışaraq, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə rəhmət diləyib. Bildirilib ki, Vətən müharibəsi təkcə döyüş meydanlarında deyil, həm də informasiya cəbhəsində gedirdi. Prezident İlham Əliyev dünyanın tanınmış KİV-nə verdiyi müsahibə və açıqlamalarda Azərbaycanın haqq səsinin çatdırılmasına nail ola bildi, dövlətimizin başçısı bizim heç kəsin torpağında gözümüzün olmadığını, yalnız öz torpaqlarımız uğrunda mübarizə apardığımızı hamıya duyurdu. İcra başçısı vurğulayıb ki, daşkəsənlilər də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər və qəhrəmancasına vuruşublar. Onlardan 32 nəfəri şəhidlik zirvəsinə ucalıb.

Qeyd olunub ki, Vətən müharibəsində qəhrəmanlıqla həlak olan Elməddin Vəkilov 1988-ci il avqustun 21-də Daşkəsən rayonunda anadan olub. O, uzun illər MAXE əsgər kimi ordu sıralarında şərəfli hərbi xidmət yolu keçib. E.Vəkilov Vətən müharibəsində göstərdiyi şücaətləri ilə xüsusi ilə fərqlənib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib, şəxsi igidlik nümunələri göstərib. O, müharibənin ilk günlərində Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib və qəhrəmancasına həlak olub.

Qəhrəman döyüşçümüz 2021-ci il mayın 8-də doğulduğu Daşkəsən rayonunda, Şəhidlər xiyabanında dəfn olunub. Elməddin Vəkilov Vətən qarşısında xidmətlərinə görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.

Kamran Bayramov Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə səbir diləyib, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, gələcək nəsillərə örnək olduğunu bildirib.

Şəhidin anası Nərgiz Vəkilova bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Bu xəbər oxucular tərəfindən 4008 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed