Şrift:
Ulu Öndərin 99-cu ildönümü ilə bağlı “Vətənlə döyünən ürək” adlı rəsm sərgisi keçirilib
11.05.2022 [09:49] - Gündəm, Mədəniyyət
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də rəssamların iştirakı ilə mayın 10-da baş tutub.

Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkilatçılığı ilə “Vətənlə döyünən ürək” adlı rəsm sərgisi təşkil olunub.

“EL ART” Studioda təşkil edilən sərginin iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin və ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Elnurə İsgəndərova qeyd edib ki, sərgidə müxtəlif yaş qruplarından olan 70-ə yaxın rəssamın əsərləri sərgilənir: “Sərgidə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə, həmçinin onun dövlət və xalq üçün gördüyü işlərə həsr edilmiş rəsm əsərləri nümayiş olunur”.

Tədbirin dəstəkçilərindən, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir İsmayılov ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız üçün misilsiz xidmətlər göstərdiyini deyib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün sahələrə, o cümlədən incəsənət sahəsinə, rəssamlara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təhsil və mədəniyyət müşaviri Tevfik Ulual türk dünyasının dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə belə bir sərginin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. T.Ulual Ulu Öndərin xatirəsinin Şimali Kiprdə də dərin ehtiramla yad edildiyini söyləyib.

Digər çıxışçılar da belə tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, CASCFEN ilə yanaşı “EL ART” Studio, “Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə ” İctimai Birliyi və “Abşeron Gənclərin İnkişafı ” İctimai Birliyi də sərginin dəstəkçiləridir.
Bu xəbər oxucular tərəfindən 2477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed