Şrift:
Qırğızıstan portalı Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə bağlı materiallar verib
11.05.2022 [09:52] - Xəbərlər, Siyasət
Qırğızıstanın “turktoday.info” portalı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı rus dilində materiallar çap edib.

Portal “Heydər Əliyevin həyatı-Məğlubedilməz insan iradəsinin parlaq nümunəsi” adlı fotokompozisiyasını verib.

Sayt “Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi – Ulu Öndərin anadan olmasından 99 il ötür” sərlövhəli məqaləsini, həmçinin Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “Milli həmrəyliyi təmin etmiş Ümummilli Lider” sərlövhəli materialını da çap edib.

Portalda həmçinin “Heydər Əliyev öz xalqının böyük oğludur: Rusiya siyasətçiləri və mədəniyyət xadimləri Heydər Əliyev haqqında” məqaləsi də yayımlanıb. Materialda sabiq Rusiya Prezidenti Boris Yeltsinin mətbuat katibi Sergey Medvedev, Rusiya xarici işlər nazirinin sabiq birinci müavini Boris Pastuxov, TASS agentliyinin keçmiş baş direktoru Vitali İqnatenko, Şən və hazırcavablar klubunun prezidenti Aleksandr Maslyakov, televiziya aparıcısı Leonid Yakuboviç, Moskvanın sabiq meri Yuri Lujkov və digərlərinin Heydər Əliyev haqqında fikirlərinə yer verilib.

Bundan əlavə saytda “Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilir” və ”Heydər Əlirza oğlu Əliyev” bioqrafik məqalələri də çap olunub. Məqalələrdə 1991-ci ildə müstəqilliyini yenidən qazanan Azərbaycanın düşdüyü çətin siyasi və iqtisadi vəziyyət, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, vəziyyətin gündən-günə pisləşməsi ilə üz-üzə qalan o vaxtki Azərbaycan rəhbərliyinin ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdiyi xüsusi vurğulanır.

Yazılarda Azərbaycanın prezidenti seçildikdən sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi islahatlar nəticəsində ölkədə dövlət hakimiyyətinin möhkəmləndiyi, qanunsuz silahlı qrupların tərksilah edildiyi, siyasi-iqtisadi sabitliyin bərqərar olunduğu, dünya gücləri və region ölkələri ilə əməkdaşlığa əsaslanan balanslaşdırılmış xarici siyasət xəttinin formalaşdırıldığı öz əksini tapıb.

Materiallarda Ulu Öndərin Azərbaycanın milli və mənəvi dəyərlərinin qorunmasına çox önəm verdiyi, hər zaman İslam dəyərlərinin qorunmasına və İslam həmrəyliyinin təmin olunmasına çalışdığı oxucuların nəzərinə çatdırılır. Vurğulanır ki, ümummilli lider Heydər Əliyev İslam dininin mütərəqqi və universal din olduğunu qeyd edib, müqəddəs Kəbəyə həcc ziyarətinə gedib, çıxışında həcc ziyarətini həyatının ən vacib və xoşbəxt günləri kimi dəyərləndirib.
Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed