Şrift:
Fərəc Quliyev: “Ya Rusiyanı parçalayacaqlar, ya da ağıllı bir ölkə halına gətirəcəklər”
13.05.2022 [11:38] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksiy Aretoviç bildirib ki, Xarkov vilayəti ərazisində şiddətli döyüşlər davam edir. Rusiya qoşunları Xarkovdan geri oturdulub və bəzi yerlərdə sərhədə çəkilib:

"Ukrayna Silahlı Qüvvələri yaxınlaşıb, deyirlər artıq hardasa (Xarkov vilayətində Rusiya Federasiyası ilə) sərhədə gəlib çatıblar. Anlamaq lazımdır ki, məlumatlar gec alınır. Onlar məğlub olan qoşunların bir hissəsini Rusiya ərazisinə apardılar, bir qismini Luqansk istiqamətinə keçirdilər, bir qismini isə “LXR” və “DXR”dən səfərbər olunanlarla əvəz etdilər. Amma sərhəd artıq təhlükəsiz zona deyil. Münaqişə bununla bitməyəcək".

Onun sözlərinə görə, Rusiya qoşunları sərhəddən atəş açır:

"Bunun simvolik mənası var, amma hərbi mənası yoxdur, çünki atışma ola bilər, ərazilərə girmək cəhdləri ola bilər. Amma onlar həqiqətən Xarkovdan imtina etdilər”.

Müharibə getdiyi dönəmdə Ukrayna ordusunun Rusiya ərazisində hərbi əməliyyatları davam etdirməsi mümkündürmü və bu baş verərsə, gözləntilər nə ola bilər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu müharibənin böyük miqyas almayacağı əvvəlcədən məlum idi: “Mən bununla bağlı mövqeyimi bildirmişəm. Çünki Rusiyanın real gücü yoxdur, sadəcə bir mif yaratmışdı. Hətta Kiyevə qədər getməyə cəhd etdi, amma geri qayıtmağa məcbur oldu. Əvvəlcə qoyduğu iddialardan da əl çəkib. Deyirdi ki, NATO-ni 90-cı illərdə olan sərhədlərə qaytaracağıq. Bu çox böyük iddia idi. Sonra Ukraynanın denasifikasiya və demilitarizasiya ediləcəyini deyirdi. İndi isə yalnız Donbasdakı rusdilli əhalinin hüquqlarını qorumağın vacibliyindən danışır. Eyni zamanda imicini yaxşılaşdırmaq üçün Qərb və ABŞ-ın Ukraynada bioloji silahlar yerləşdirdiyini deyir. Hətta deyirlər ki, güya Qərb Ukrayna xalqının üzərində təcrübə aparmaq niyyəti güdürmüş. Bütün mənalarda geri çəkilmək üçün bəhanələr axtarır. Rusiyaya əliboş getməmək üçün orada bir referendum keçirib, daha bir separatçı ocaq yaratmaq istəyir. Artıq Ukraynanın itirəcəyi nəsə qalmayıb. Ölkəsi darmadağındır, 15 milyondan artıq insan yerindən didərgin düşüb. Ukrayna müharibəni bu halda saxlasa və Krım, Donbas kimi problemlər həll edilməmiş qalsa, nə olar? Lap “ Marşal” planı ilə Ukraynanı bərpa etdilər. Ukraynanın ərazi bütövlüyü ilə bağlı problem həll edilməmiş qalır axı. Bu səbəbdən də Ukrayna məsələni kökündən çözmək istəyir. Qərb də geri çəkilmək istəmir. ABŞ bu yaxınlarda Ukraynaya kömək etmək üçün 40 milyard manat vəsait ayırdı. Rusiyanı çox pis yerdə yaxalayıblar. Rusiyanı tam çökdürməsələr buraxmayacaqlar. Ya Rusiyanı parçalacayaqlar, ya da ağıllı bir ölkə halına gətirəcəklər. Hər gün dünyanı nüvə silahı ilə təhdid edirlər. Belə ölkə ilə bağlı silahsızlaşma tədbiri görülməlidir. Sonda bir qarış da torpaq vermədən Rusiya yerində oturdulacaq”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 1645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed