Şrift:
Ağsuda Xalq artisti Mikayıl Mirzənin 75 illiyi qeyd olunub
08.07.2022 [06:25] - Xəbərlər, Sosial
İyulun 7-də Ağsuda xalq artisti Mikayıl Mirzənin 75 illiyi təntənəli surətdə qeyd edilib. İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbirdə rayon rəsmiləri, Milli Məclisin deputatı Tahir Kərimli, Mikayıl Mirzənin sənət dostu, Xalq artisti Nurəddin Mehdixanlı, Xalq artisti Əli Nur, sənətsevərlər, gənclər iştirak ediblər.

Rayon mədəniyyət mərkəzində AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xəqani Şirvani adına Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının aparıcılığı ilə keçirilən tədbirdə öncə Mikayıl Mirzənin sənət yolunu, sənətkarlıq həyatının önəmli anlarını əks etdirən fotolar izlənilib. Sonra aparıcı sənətkarın ömür yolunun qısa tarixçəsini təqdim edib.

Mikayil Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxıda (indiki Ağsu rayon) yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsini bitirib. M.Mirzəyev SSRİ Xalq artisti professor Mehdi Məmmədovun kursunda dərs alıb. Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə Azərbaycanın ictimai–siyasi həyatında da fəal rol oynayıb. 1990-cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, ötən əsrin 80-ci illərindən başlayaraq sovet quruluşuna qarşı poeziya salonlarında, poeziya gecələrində mübarizə aparanlardan olub. Akademik Milli Dram Teatrındakı aktyor fəaliyyəti ilə yanaşı, 1992-1995–ci illərdə həm də Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləyib. O, 1987-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülüb. 1991-ci il mayın 22–də Xalq artisti fəxri adını alıb. Mikayıl Mirzə 2006-cı il iyunun 3-də ürək xəstəliyindən vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon ağsaqqallar şurasının sədri Seyfəddin Abdullayev, Milli Məclisin deputatı Tahir Kərimli, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur və başqaları çıxış ediblər. Çıxışlarda Mikayil Mirzə ilə bağlı xatirələr söylənilib, böyük sənətkarın sənət uğurlarından danışılıb, yaratdığı obrazların gözəlliyi, təbiiliyi vurğulanıb.

Sonra Sabir Hüseynovun ifasında “Qarabağ şikəstəsi” səsləndirilib, Mətin Mirzənin müəllifi olduğu “Ağsu“ şeirinin klipi nümayiş etdirilib. ”Qalx ayağa, Azərbaycan!” şeirinin lent yazısı, “Aydın” tamaşasının son epizodu, “Sizi qınamıram, ay xocalılılar” şeirinin lent yazısı iştirakçilar tərəfindən böyük maraqla, sürəkli alqışlarla qarşılanıb, tədbirə xüsusi ahəng verib.

Tədbirdən aldığı təəssüratı AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı deyib: “Bu gün elimizin, obamızın fəxri övladı, Xalq artisti Mikayıl Mirzənin sənət dünyasına səyahət olundu. Ovqatımız böyük sənətkarın, nurlu şəxsiyyətin xatirələrinə kökləndi. Çıxışlarda onun dostluğuna, sənətinə, peşəsinə bağlılığına çox böyük qiymət verdilər”.

Daha sonra M.Mirzənin oğlu Mətin Mirzə çıxış edərək təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, atası barədə xatirələrini danışıb.

Sonda Mətin Mirzənin “Lider” filmi nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed