Şrift:
Şair Ramaldanov: Müharibə iştirakçıları həm ailədə, həm də cəmiyyətdə diqqət və qayğı ilə əhatə olunmalıdır
18.07.2022 [06:06] - Gündəm, Sosial
Qazilərin psixoloji məsələsinə kompleks şəkildə yanaşılmalıdır. Bəzən hansısa söz həmin kateqoriyadan olan insanları incidə bilər. Ona görə də məsələyə kompleks yanaşılmalı, o cümlədən ailədaxili vəziyyət nəzərə alınmalıdır. Müharibə iştirakçıları hər zaman həm ailədə, həm də cəmiyyətdə diqqət və qayğı ilə əhatə olunmalıdır. Cəmiyyətin hər bir üzvünün bu problemin həllində iştirakı vacibdir. Biz cəmiyyət olaraq qazilərimizi intiharlardan çəkindirməyə çalışmalıyıq. Ailə üzvləri ilə düzgün ünsiyyət qura bilməmək, ailədaxili problemlər, məişət şəraiti psixoloji gərginliyə səbəb ola bilər. Bunlar da müəyyən dərəcədə qazilərin psixoloji vəziyyətinə təsir edir və cəmiyyətimizdə narahatçılığa səbəb olan faciəvi hadisələrlə nəticələnir.

Bunu ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov müsahibəsində deyib.

Ş.Ramaldanov bildirib ki, ümumilikdə götürdükdə bütün dünyada, cəmiyyətlərdə, ordularda müharibədən sonra belə hallar yaşanır. Müharibə aparmış ABŞ, Rusiya və digər ölkələrdə postmüharibə sindromu ilə əlaqədar müharibə iştirakçılarının intihar, özlərinə xətər yetirmə hallarına rast gəlinir. Azərbaycan da dünyanın bir hissəsi kimi istisna deyil. Azərbaycanda Birinci Qarabağ savaşında da belə hallar olub. Həmin psixoloji travmalar adətən müharibədən bir il sonra özünü göstərir. Qazilərimizin, veteranlarımızın intiharları hər birimizi narahat edir. Odur ki, müharibə iştirakçılarının psixoloji vəziyyətinin düzəlməsində, intihar edənlərin sayının azalmasında cəmiyyətin hər bir üzvünün dəstəyi çox vacibdir.

“Veteranlarımız üçün birinci növbədə diqqət və qayğı, sonra isə maarifləndirmə lazımdır. Qazilər dövlət orqanlarına müraciət edərkən həmin şəxslərin müraciəti diqqətlə dinlənilməlidir. Həmçinin onlarla mədəni davranaraq maarifləndirmək, psixoloji vəziyyətlərini onlara izah etmək lazımdır. Çünki insanın mənəvi problemlərinə etinasız yanaşmadıqda, onu dinlədikdə, kömək üçün yönləndirdikdə psixoloji gərginlik müəyyən qədər azalır. Veteranlarımız məlumatsızlıqdan və ya qanunları bilmədikləri üçün psixoloji olaraq gərgin vəziyyətə düşürlər. Düşünürəm ki, ən vacib məqamlardan biri də maariflənmədir. Kütləvi informasiya vasitələri bu məsələyə geniş yer ayrılmalı, veteranların, qazilərin problemlərinin, müraciətlərinin müzakirə edildiyi verilişlər təşkil olunmalı, orada psixoloqlar, mütəxəssislərin fikirlərinə geniş yer verilməlidir. Qazilər, müharibə veteranları və yaxud əlilləri narahat edən sualların toplandığı analitik mərkəz yaradıla, sonra aidiyyəti orqanlar tərəfindən onların cavabları mətbuat vasitəsilə ictimaiyyətə çatdırıla bilər. O cümlədən icra hakimiyyətlərində müharibə iştirakçıları ilə bağlı təlimat yerləşdirilə bilər”, - deyə polkovnik vurğulayıb.

O qeyd edib ki, hazırda maarifləndirmə və təbliğat işləri daha da gücləndirilməli, veteranlarımız, müharibə iştirakçıları onları maraqlandıran sualların məhz qanun çərçivəsində həlli ilə bağlı daha çox məlumatlandırılmalıdırlar. Əgər qazilərin, veteranların suallarına düzgün aydınlıq gətirilərsə, onları düşündürən məsələlərin həlli istiqamətində müəyyən addım atılmış olar ki, nəticədə psixoloji gərginlik azalar. Qazilər qanun çərçivəsində öz hüquqlarını dəqiq bilməli, bütün vətəndaşlar kimi veteranlarımız da qanunlarımıza riayət etməlidirlər. Eyni zamanda, hər bir Azərbaycan vətəndaşı müharibə veteranına və ya qaziyə hörmətlə davranmalıdır. Bu cür yanaşma ilə belə faciəvi hadisələri nəzarət altında saxlamaq mümkündür.

“İnformasiya müharibəsi hibrid müharibəsinin bir hissəsidir. Biz Vətən müharibəsində döyüş meydanında Qələbə qazanmışıq, ancaq informasiya cəbhəsində savaş hələ də davam edir. Təəssüf ki, bəzi müxalifət qüvvələri qazilərlə bağlı intihar məsələlərini qabartmağa, siyasiləşdirməyə, insanların problemləri üzərində siyasi xal qazanmağa çalışırlar. Bununla da Vətən müharibəsində tarixi Qələbəmizi gözdən salmağa, qazilərlə dövlət arasında uçurum yaratmağa cəhd göstərirlər. Həmin dezinformasiyalar tarixi Zəfərimizi gözdən salmaq üçün həm daxildəki, həm də xaricdəki müəyyən qüvvələrin təsirləri nəticəsində yayılır. Odur ki, qazilərin bu məsələdə ayıq-sayıq olması, ümumi narazılıqlara gətirə biləcək ifadələrdən uzaq durması tövsiyə olunur. Onlar bilməlidirlər ki, belə çirkin addımlarla ictimaiyyətimizi narazı salmaq istəyən qüvvələr kifayət qədərdir və ən təhlükəlisi də odur ki, mənfur düşmən həmişə cəmiyyətimizin nümayəndələrinin fikirlərini öz məqsədləri üçün istifadə edir”, - deyə Qarabağ müharibəsi veteranı əlavə edib.

Bəzi qazilərin, müharibə iştirakçılarının kifayət qədər yardım göstərilməsinə baxmayaraq, müxtəlif iddialar və tələblərlə çıxış etdiyini, bu cür halların yolverilməz olduğunu diqqətə çatdıran hərbi ekspert fikirlərini belə davam etdirib: “Belə mənfi hallar qazi kimi şərəfli ada xələl gətirir. Təəssüf ki, müharibədə heç iştirak etməyən bəzi insanlar yaxasında qazi yazılan hərbi forma geyinərək cinayət tərkibli hərəkətlər törədirlər. Bu da veteranların, müharibə iştirakçılarının adına ləkə gətirən addımdır. Onları araşdıranda müəyyənləşir ki, həmin şəxslər yol-nəqliyyat və ya hansısa bədbəxt hadisə nəticəsində xəsarət alaraq əlil olublar. Halbuki bunun Vətən müharibəsinə heç bir aidiyyəti yoxdur. Düşünürəm ki, belə insanlar ifşa edilməlidirlər. Bu gün Azərbaycan cəmiyyətinin ən hörmətli nümayəndələri Vətən müharibəsi iştirakçıları və qaziləridir. Biz nüfuzlu təbəqəyə aid olan müharibə veteranlarımızın adına xələl gətirmək istəyənlərlə mübarizə aparmalıyıq. Buna diqqət yönəldəriksə, psixoloji gərginliyi olan veteranlarımızı, müharibə iştirakçılarımızı və qazilərimizi belə addımlardan bir qədər çəkindirə bilərik. Vətən müharibəsində olduğu kimi bu gün də hamımızın birlik göstərməyimiz vacibdir”.

Ətraflı
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed