Şrift:
Anar Eyvazov: Azərbaycanın suveren ərazilərində törədiləcək istənilən terror və təxribata qarşı cavab tədbirləri daha ağır və sarsıdıcı olacaq
04.08.2022 [11:06] - Xəbərlər, Siyasət
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdikləri terror-təxribat əməllərinə cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı ilə bağlı avqustun 3-də Müdafiə Nazirliyində media nümayəndələri üçün brifinq keçirilib.

Brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov media nümayəndələrinə məlumat verib.

Bildirilib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Qeyd olunub ki, bundan əlavə qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürülüb. Hazırda Ordumuz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Uğurlu “Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatı məhv edilib.

“Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə həyata keçirilməlidir.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks-cavab tədbirləri daha ağır və sarsıdıcı olacaq”, - deyə A.Eyvazov bildirib.
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed