Şrift:
Fərəc Quliyev:İşi pozan bir dövlət varsa, o da Ermənistandır
31.08.2022 [17:59] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Bu görüşlərin əhəmiyyəti təbii ki, var. Ən azından Azərbaycan tərəfi öz mövqeyini bir daha göstərir və razılaşmalara sadiq olduğunu nümayiş etdirir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

MDHP sədri 31 avqustda Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə baş verə biləcək əsas məqamlardan söhbət açıb.

F. Quliyev onu da deyib ki, o razılaşmalar içərisində olan predmetlər təkcə Azərbaycan və Ermənistan, bir sözlə bölgə üçün əhəmiyyət daşımır:

“Artıq burada çox prinsipial məsələlər var. Məsələn, Zəngəzur dəhlizi indiki halda nə qədər Azərbaycan və Ermənistan üçün lazımdırsa, o cümlədən bu, İpək Yolu üzərində olan dövlətlər, xüsusən də Avropa üçün də çox vacibdir.

Bildiyiniz kimi, 3 İpək Yolu xətti var ki, bunlardan ikisi – Rusiya və İrandan keçən yollar bloklanıb, lakin Azərbaycandan keçən xətt artıq o qədər əhəmiyyətlidir ki, burada həm logistik, həm də enerji daşımalarından söhbət gedir. Çünki Rusiyaya sanksiyalar tətbiq olunandan sonra Avropanın özünün də digər məsələlər üzərindən müəyyən qədər qidalanması vacib şərtdir. Ona görə də rəsmi Brüssel bu məsələlərdə tərəfdaşlara təsir etmir ki, yalnız öz imicinə işləsin, xeyr. Sadəcə Avropanın ehtiyacı var buna”.

Sabiq deputat deyib ki, burada işi pozan bir dövlət varsa, o da Ermənistandır:

“Ermənistan düşünür ki, 30 il əvvəlki kimi, yenə bunun nazı ilə oynayıb kaprizlərinə dözəcəklər və s., lakin məsələ belə deyil. Ona görə də bu görüşlərin əhəmiyyəti ondadır ki, Azərbaycan tərəfi və onu təmsil edən Prezidentimiz deyir ki, “mən bütün bu məsələlərdə açılmaların tərəfdarıyam və nəinki Avropanın enerji təhlükəsizliyi və logistik imkanlarının yaxşılamasıyla bağlı olaraq, həm də, ümumiyyətlə, Ermənistanla da biz mühairbəni bitmiş sayırıq, sülh axtarırıq və onların da bu məsələdən qazanmasını istəyirik”.

F. Quliyev iddia edib ki, burada ikinci bir mühüm məsələ isə budur ki, sabah Azərbaycan tərəfi sülhə məcburetmə əməliyyatları keçirə bilər:

“Çünki Azərbaycan bu barədə dəfələrlə Brüsseldə və Moskvada xəbərdarlıqlar edib. Üstəgəl, bu prinsiplər ki, Aİ və böyük dövlətlər tərəfindən qəbul olunub, eləcə də Azərbaycan tərəfi təkcə bu məsələni masada yox, həm də sahədə Ermənistanın razılığı olmadan da bir çox şeyləri həll edə bilər və bunu edir də. Məsələn, son zamanlar yüksəkliklərin nəzarətə götürülməsi, Laçın dəhlizi ətrafında baş verənlər, sərhədlərin delimitasiyası ilə bağlı işlər və s. Ona görə də burada hansı problem çıxırsa-çıxsın, fərqi yoxdur, bu məsələlərlə bağlı sadaladığım gedişat birmənalı şəkildə Azərbaycanın xeyrinədir”.

Rafi MÜSLÜMOV/yenisabah.az
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed