Şrift:
Fərəc Quliyev:Xaricdə oturub söyüş söyənlər cəzalanmalıdır
31.08.2022 [18:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Sosial şəbəkələrdə Azərbaycan dövləti və xalqı haqqında reallığı özündə əks etdirməyən və yalan informasiyalar yayan müxalifət tərəfindən atılan bu addımları hər kəs qınayır”. Bunu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Səs” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, adını müxalifət qoyub dövlətə müxalifətçilik edən bəzi partiyalar var ki, guya hakimiyyət uğurunda savaş aparırlar, ancaq dövlətinə qarşı çıxırlar: “Bunlara dəstək verənlər xaricdə oturublar. Bəziləri xaricdə oturub, söyüş söyürlər. Onların tərkibindən bəziləri, hətta Azərbaycan ordusunun əleyhinə Avropa Şurasında məsələlər qaldırmağa qədər gedib çıxıblar. Çox təəssüflər olsun ki, belələrinə qarşı Azərbaycanda da ciddi ölçü götürülmür. Amma belə hərəkətlərin qabağı sərt şəkildə alınmalıdır. Azərbaycan tərəfi nə qədər humanistlik göstərsə də, onlar öz işlərindədirlər. Bu hakimiyyət uğrunda bir mübarizə deyil, belə təbliğat olmaz. Ölkədə kimin hansı mövqedə olmasından asılı olmayaraq, hətta bu ölkədə yaşayıb yaşamamasından asılı olmayaraq bura hamının vətənidir və ortaq dövlət maraqlarımız var. Yəni dövlət maraqlarını qrup maraqlarına, şəxsi maraqlarına, partiya maraqlarına qurban vermək olmaz”.

F.Quliyev dövləti gözdən salmaq üçün əcaib yollara əl atmağın doğru olmadığını bildirdi: “İkincisi isə, bu, mənəvi tərbiyə məsələsidir və o həm də kiçiklik, acizlik məsələsidir. Yəni gedib küçələrdə oturub söyüş söymək doğru-düzgün hal deyil. Bir sözlə, həmin o söyüş kampaniyasında iştirak edənlər və onu dəstəkləyənlər də Azərbaycana bağlı deyil, əlləri xarici dövlətlərin cibindədir. Bunu zaman-zaman tarix də sübut elədi, 2013-cü ildə “Milli Şura” yaradıldı və Azərbaycanda dövlət çevrilişinə qədər hər şeyə əl atdılar. Bu gün ölkəmizə qarşı dövlətlərlə iş birliyində olanlara qarşı loyal münasibət olmamalıdır və belə hallar varsa, tədbir görülməlidir. O kənarda olanlar da Azərbaycanın imicinə ağır zərbə vurduqları və dövlətimizə qarşı belə davranışlarına görə, ən ağır şəkildə cəzalanmalıdırlar. Əminəm ki, hər kəs də onların bu cür hərəkətlərini qınayır və pisləyir”.

Gülyana/sia.az
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed