Şrift:
Fərəc Quliyev:Şahmat dili ilə desək, Azərbaycan ”ağ"larla oynayır
31.08.2022 [18:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ermənistana gedən yeni yolun dəhliz statusu daşıması üçün Bakının şərtləri var: erməni qoşunları Qarabağdan çıxır, “artsax ordusu” tam ləğv edilir və...
Xankəndidən Ermənistana gedən yeni yolla bağlı müzakirələr başlanıb. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılmasından sonra bu mövzu daha da aktuallaşıb. Xüsusən də ən çox erməni mənbələri müxtəlif versiyaları tirajlayırlar. Əsas müzakirə məsələsi yeni yola “dəhliz” statusunun verilib-verilməməsidir. Erməni mediası iddia edir ki, Azərbaycan yeni yola “dəhliz” statusunun verilməsindən öncə üçtərəfli razılaşmada erməni qoşunlarının Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin separatçıların qondarma “müdafiə ordusu”nun tamamilə ləğv edilməsini tələb edir. Erməni mənbələri qeyd edirlər ki, əgər bu tələblər yerinə yetirilsə, yeni yolun “dəhliz” statusu daşıması müzakirə edilə bilər.

Rusiyanın İrəvandakı səfirliyinin məsul əməkdaşı Maksim Seleznyov keçən günlərdə bəyan etdi ki, yeni yola da Rusiya hərbçiləri 5 km enində nəzarət edəcək, “Dağlıq Qarabağ və Ermənistan arasında” hərəkət əvvəlki qaydada olacaq. Sülhməramlı qüvvələrin komandanı Volkov da bu fikri təkrarlayıb. Əslində bu, İrəvanda anti-Rusiya əhval-ruhiyyəsini səngitməyə hesablanmış açıqlamalar idi. Çünki yeni yol üçün Azərbaycanın şərtləri dəyişməz olaraq qalır: yəni Zəngəzur dəhlizindəki status nə olacaqsa, yeni yol da o statusda olacaq. Erməni mediası isə Azərbaycanın əsas tələbi olan Zəngəzur dəhlizini şərtlər sırasında “görmür”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqladı ki, Azərbaycanın öz “yol xəritəsi” var. Partiya lideri hesab edir ki, addım-addım, çətin də olsa həmin xəritə üzərində irəliləyirik: “Şahmat dili ilə desək, Azərbaycan ”ağ"larla oynayır. Belə gedişdə Ermənistanın müqaviməti təbiidir, amma yeni yolun müzakirəsinə belə ehtiyac yoxdur. Eyni zamanda başqa işlər də görülür, sahədə proses gedir, yollar çəkilir, bir sözlə, Azərbaycan necə tələb edirsə, elə də olacaq. Ermənilərdən kim vətəndaşlığı qəbul edəcəksə, yaşayacaq, istəməyən gedəcək. Artıq onların şıltaqlığına, naz-qəmzəsinə son qoyulacaq. Yeni yola ruslarla birgə nəzarətimiz olacaq və əminəm ki, Azərbaycan bu məsələdə öz iradəsini ortaya qoyacaq".

Emil SALAMOĞLU/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed