Şrift:
Fərəc Quliyev:İnam, milli iradə zəif olan ölkədə xalq döyüşmək istəmir
30.09.2022 [05:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də elan etdiyi qismən səfərbərlik hərbi xidmətə qoşulmaq istəməyən vətəndaşlar arasında böyük çaxnaşma yaradıb. Təxminən bir həftədir ki, çox sayda Rusiya vətəndaşı hava limanlarına və sərhəd qapılarına axışaraq ölkəni tərk edir.

Rusiya vətəndaşlarının qaçış istiqamətləri arasında Türkiyə, Gürcüstan, Qazaxıstan, Bolqarıstan, Ermənistan və Finlandiya kimi ölkələri göstərmək olar.

Qismən səfərbərlik qərarından sonra ölkəni tərk edən rusların ən çox üz tutduğu ölkə Gürcüstandır. Gürcüstan rəsmiləri bu ölkəyə gələn Rusiya vətəndaşlarının sayının təxminən iki dəfə artdığını bildiriblər. Görünən odur ki, müharibədən qaçan rusların ilk ünvanı olan Gürcüstanda yeni immiqrasiya dalğası alovlanıb.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri mediaya açıqlamasında Rusiyadan Gürcüstana gələnlərin sayının kəskin artdığını diqqətə çatdırıb: "4-5 gün əvvəl Gürcüstana hər gün 5-6 min Rusiya vətəndaşı gəlirdisə, bu rəqəm bir gündə 10 minə çatıb". Rusiya vətəndaşlarının ikinci ən çox üz tutduğu ölkə Qazaxıstandır. Qazaxıstan prezidenti Kasım Comert Tokayev ölkəsinə gələn Rusiya vətəndaşlarının sayında nəzərəçarpacaq artımın olduğunu söyləyib:

“Rusiyadakı vəziyyətə görə son vaxtlar çoxlu sayda rusiyalı ölkəmizə gəlir. Biz onların qayğısına qalmalı və təhlükəsizliyini təmin etməliyik”.

Rusiya – Qazaxıstan sərhədindəki Teploye keçid məntəqəsində minlərlə insan növbə gözləyir. Onlar çadır qurur, daxmalar tikir, ocaq qalayır və hətta açıq havada belə yatırlar.

Ruslar dünyada ən çox müharibə aparan xalq kimi səciyyələndirilir. Hətta ən böyük müharibələrdən qalib çıxıblar. Hazırda Rusiya sərhədlərində müharibənin qorxusundan ölkəsindən qaçmaq istəyən çoxlu sayda vətəndaş var. Maraqlıdır ki, onların arasında məhz miliyyətcə rus olanlar çoxluq təşkil edir. Bu millətə nə oldu ki, müharibədən belə çəkinir?

Fərəc Quliyev: “İnam, milli iradə zəif olan ölkədə xalq döyüşmək istəmir”

Milli Dirçəliş Hırəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tarix boyu ruslar barəsində yaradılan mif dağılıb: “Mən razılaşmıram ki, ruslar bütün müharibələrdə qalib gəliblər. Onlar bütün müharibələri başqa xalqların hesabına udublar. Putin etiraf etdi ki, vaxtilə tatarların hesabına dövlətçiliyi qoruya biliblər. Bunun da nəticəsində Polşanı qovub çıxarıblar. Birinci və İkinci Dünya müharibələrində də əlinin altında olan xalqlardan istifadə edib. Çeçen müharibəsində uduzurdular, pis vəziyyətdə qalmışdılar, Əfqanıstanda darmadağın oldular. Artıq dünyada informasiyanın yayılma imkanı artıb. Əhali nəyin baş verdiyini gözəl anlayır. Saxta vətənpərvərliyi təbliğ edib, insanları müharibəyə göndərə bilmirlər. İndi xalq başa düşür ki, bu, Putinin şəxsi müharibəsidir. Digər səbəb isə qarşı tərəfin ədalətli olmasıdır. Rusiyanın özünün içərisində baş verən haqsızlıqları görən başqa xalqlar döyüşmək istəmir. Eyni zamanda rusların müəyyən maddi imkanları yaranıb. Onları itirmək istəmirlər. Görürlər ki, proses onların məğlubiyyətinə doğru aparır. Dünya analitikləri bildirir ki, bu ilin sonuna qədər Ukrayna öz ərazilərini tam azad edəcək. İnam, milli iradə zəif olan ölkədə xalq döyüşmək istəmir”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed