Şrift:
Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyidir
07.10.2022 [07:03] - Gündəm, İdman
Bu gün Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyi tamam olur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə uğurlu inkişafın əsası qoyulub. Həyata keçirilən məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində beynəlxalq əlaqələr qurulub, respublikamızda gimnastika idman növündə yüksək nailiyyətlər əldə olunub, AGF dünyada ən fəal quruma çevrilib. Həmin dövrdən sürətli inkişaf yoluna qədəm qoymuş AGF-in fəaliyyətinə hazırda 9 gimnastika növü daxildir.

Azərbaycan milli gimnastika məktəbinin yetirmələrinin Olimpiya Oyunlarında iştirakı, dünya və Avropa çempionatlarında medalların qazanılması, federasiya tərəfindən ölkəmizdə ən nüfuzlu qitə və dünyamiqyaslı gimnastika yarışlarının yüksək səviyyədə təşkili federasiya rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir.

Bu gün paytaxtla yanaşı, respublikamızın bölgələrində də gimnastika təbliğ və inkişaf etdirilir. Hazırda 26 rayon və şəhərdə gimnastika bölməsi fəaliyyət göstərir.

Bu uğurların nəticəsidir ki, AGF 6 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıya liderlik edib.

Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, gimnastikaya göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib.
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed