Şrift:
“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ardıcıl ikinci böyük hesablı qələbəsini qazanıb
07.10.2022 [07:09] - Xəbərlər, Gündəm, İdman
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ardıcıl ikinci böyük hesablı qələbəsini qazanıb.

Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda “Olimpiakos” komandasının qonağı olub.

Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmada Yunanıstan təmsilçisinin start heyətində Kostas Tsolakis, Şime Vrsalko, Andreas Buxalakis, Yann MVila, Pyer Kunde, Hvan İy Co, Pep Biel, Qonsalo Avila, Oleq Ryabçuk, Pape Abu Sisse və Qarri Rodriges yer alıblar.

Azərbaycan çempionunun heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Leandro Andrade, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev və Bədavi Hüseynov çıxıblar.

Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Peltonun idarə etdiyi oyuna Ağdam klubu fəal başlayıb. Belə ki, 5-ci dəqiqədə A.Zubir hesabı açsa da, qol qeydə alınmayıb. VAR sisteminin müdaxiləsindən sonra məhsuldar ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub. Matçın 22-ci dəqiqəsində K.Ovusu rəqib qolkiperlə üzbəüz qalsa da, qanalı hücumçunun zərbəsindən sonra Yann Mvila topu qapı xəttindən çıxarıb. İlk hissə qolsuz heç-heçə ilə yekunlaşıb.

Matçın 68-ci dəqiqəsində hesab açılıb. Qapıçı ilə təkbətək qalan K.Ovusu dəqiq zərbə ilə rəqibi məyus edib. Qarşılaşmanın 73-cü dəqiqəsində Yorqos Masurasın zərbəsi qapı dirəyindən qayıdıb. 80-ci dəqiqədə “Qarabağ” rəqibi əks hücumda yaxalasa da, Ramil Şeydayevin Kadi Borgesə ötürməsi sürətli alınıb. 82-ci dəqiqədə “Qarabağ” ikinci topu meydan sahiblərinin qapısından keçirib. Müdafiəçilərin səhvindən istifadə edən Marko Veşoviç qolkiperi də keçərək, adını tabloya yazdırıb. 86-cı dəqiqədə Ramil Şeydayev əla zərbə ilə “Olimpiakos”u 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Beləliklə, görüş “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib.

Hesabında 9 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 6 xalla ikinci, “Nant” isə 3 xalla üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur. Azərbaycan çempionu ilk oyununu səfərdə “Frayburq”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. İkinci turda “Qarabağ” klubu “Nant”ı qəbul edib və 3:0 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 13-də doğma meydanda “Olimpiakos”a qarşı keçirəcək.
Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed