Şrift:
Moldovanın Baş naziri: Azərbaycanla Moldova arasında yüksək səviyyədə olan münasibətlər daha da intensivləşib
11.10.2022 [06:00] - Gündəm, Siyasət
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri Moldovanın Baş nazirini salamlayaraq, Azərbaycan ilə Moldova arasında əlaqələrin hazırkı səviyyəsi haqqında danışıb. Sahibə Qafarova ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. O, bu il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb. Milli Məclisin sədri müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycanın enerji siyasətindən danışan Sahibə Qafarova ölkəmizin öz tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını diqqətə çatdırıb. Ölkəmizin bu istiqamətdə reallaşdırdığı layihələr, cari ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bunun bariz nümunəsi olduğu vurğulanıb.

Moldovanın Baş nazirinin Azərbaycana səfər proqramının zəngin olduğunu qeyd edən parlamentin sədri Sahibə Qafarova Nataliya Qavrilitsanın Azərbaycan Prezidenti ilə görüşünün və bu səfərin münasibətlərimizin inkişafına təkan verəcəyini qeyd edib.

İki ölkə arasında parlamentlərarası münasibətlərdən danışan Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolundan söhbət açıb. O bildirib ki, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığı təqdirəlayiqdir.

Sahibə Qafarova Moldova parlamentinin sədri İqor Qrosunun cari ilin fevral ayında Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, qanunverici orqanlarımızın komitələri arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışan Milli Məclisin sədri deyib ki, ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində son qoyulub, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü hesabına təmin edib.

Milli Məclisin sədri Ermənistanın işğal altında saxladığı şəhər və kəndlərimizi tamamilə dağıtdığını bildirərək, moldovalı həmkarı İqor Qrosunun Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya və işğaldan azad edilmiş ərazilərimizə səfəri zamanı bu reallıqların bilavasitə şahidi olduğunu diqqətə çatdırıb. Qonağa Azərbaycanın işğaldan azad olunmuş ərazilərində öz gücü hesabına hazırda həyata keçirdiyi geniş bərpa-quruculuq işləri haqqında da məlumat verilib.

Sahibə Qafarova 30 ilə yaxın işğaldan əziyyət çəkən, müharibədə Qələbə qazanmış Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdiyini diqqətə çatdıraraq, oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşdən sonra tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu ifadə edib.

Azərbaycana ilk rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Moldovanın Baş naziri Nataliya Qavrilitsa son bir il yarım ərzində Azərbaycanla Moldova arasında onsuz da yüksək səviyyədə olan münasibətlərin daha da intensivləşdiyini bildirib. O, ölkəsinin Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

Nataliya Qavrilitsa Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə bugünkü görüşü barədə təəssüratlarını bölüşüb.

O, Moldova ilə Azərbaycan arasında iqtisadi əlaqələrə də toxunaraq, bu sahədə Hökumətlərarası Komissiyanın fəaliyyətinin mühüm rolunu vurğulayıb, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf perspektivlərindən danışıb.

Baş nazir bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edərək, əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu diqqətə çatdırıb.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed