Şrift:
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan iki il ötür
11.10.2022 [06:04] - Xəbərlər, Gündəm, Siyasət
Oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir.

Ermənistan Gəncədə dinc sakinləri bir daha hədəf alıb. Gecə saatlarında ağır artilleriyadan atəşə tutulan bu qədim şəhərdə raketlərdən bir neçəsi yaşayış binalarına düşüb. Ölənlərin və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.

Düşmənin artilleriya zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.

Baş Prokurorluğun həmin gün yaydığı operativ məlumatda deyilir: İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutaraq terror əməllərini davam etdirir. Bununla belə düşmən xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir. Lakin hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və videogörüntülər bu yalanları ifşa etməkdədir.

Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda isə 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Naftalan şəhərində Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.

12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə, 1018 fermer təsərrüfatına, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed