Şrift:
Marşal İrsi İnstitutu ANAMA-nın komandasını ABŞ-da 2022-ci ilin ən yaxşı kollektivi elan edib
19.10.2022 [07:02] - Gündəm, Siyasət
ABŞ-nin humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından olan Marşal İrsi İnstitutu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçisi Qoşqar Kərimov və onun minaxtaran iti “Tori”ni 2022-ci ilin ən yaxşı komandası elan edib.

Mükafat Marşal İrsi İnstitutunun ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək illik qala gecəsində sahiblərinə təqdim olunacaqdır. Bu məqsədlə ilin ən yaxşı komandası mükafatını almaq üçün ANAMA-nın minaaxtaran it bələdçisi Q.Kərimov və qurumun digər əməkdaşı Fikrət ƏIiyev Vaşinqtona səfər edib.

Azərbaycanın ABŞ-dakı səfirliyi bu əlamətdar hadisə ilə bağlı rəsmi görüş təşkil edib. Ziyafətə ABŞ Müdafiə Departamentinin nümayəndəsi, Marşal İrsi İnstitutu idarə heyətinin üzvləri, sponsor təşkilatlar və humanitar minatəmizləmə sahəsində ixtisaslaşmış digər təşkilatların nümayəndələri qatılıblar.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Marşal İrsi İnstitutunun icraçı direktoru Eliz Beker və Q.Kərimov çıxış ediblər. Natiqlər Marşal İrsi İnstitutu ilə Azərbaycan arasında humanitar minatəmizləmə sahəsində təşəkkül tapmış əməkdaşlıqdan məmnunluqları ifadə edib və işgüzar münasibətlərin inkişaf etdirilməsi zərurətini vurğulayıblar. Daha sonra Q.Kərimov basdırılmış şərti minanın minaaxtaran it tərəfindən tapılması və zərərsizləşdirilməsini tədbir iştirakçıları üçün nümayiş etdirib.

Bundan əlavə, Q.Kərimov minaaxtaran iti ilə birgə Virciniya ştatının bir neçə orta məktəbini ziyarət edərək, ölkəmizin üzləşdiyi mina problemi barədə maarifləndirici məlumat verib və şərti minanın minaaxtaran it tərəfindən tapılması və zərərsizləşdirilməsini nümayiş etdirib.

Marşal İrsi İnstitutu Azərbaycanla 25 ildir uğurlu əməkdaşlıq edir. Bu günədək 60 minaaxtaran it ANAMA üçün təmin edilib. ANAMA Marşal İrsi İnstitutunun ən böyük benefisiyarlarındandır. 2023-cü ilin yayınadək 15 minaaxtaran it təhvil veriləcək və ANAMA-ya verilmiş itlərin ümumi sayı 75-ə çatacaqdır.
Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed