Şrift:
Fərəc Quliyev:Rusiya bitmiş münaqişəni alovlandırmağa çalışır
09.11.2022 [20:14] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycan ərazisində hər hansı dövlətin başqa nümayəndəsinin vizasız, çağırışsız olması cinayət hadisəsidir. Hətta onun bura buraxılması belə Rusiya sülhməramlıları tərəfindən qəbahətdir. Sülhməramlılar onu buraxmamalı idilər. Bu onu göstərir ki, biz Laçın koridorunda biraz məsələlərə fərqli yanaşmalayıq”.

Redaktor.az xəbər verir ki, bunu keçmiş deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev Rusiyadan Azərbaycanın Xankəndi şəhərinə köçən erməni biznesmen Ruben Vardanyanın oradakı qondarma qurumun "dövlət naziri" vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qarabağda gömrük xidmətimiz artıq fəaliyyətə başlamalıdır:

“İkinci bir tərəfdən Azərbaycan prokurorluğu Qarabağ ərazisində separatizmlə məşğul olanlarla bağlı cinayət işi qaldırmalıdır. Bura Araik də daxildir. Və bu qurum özü də separatçı qurum olduğundan təhqiqat altındadır. Yəni istintaq altında elementdir və araşdırılır. İndi bu cinayətkar qrupa başqa dövlətin nümayəndəsinin gəlməsi də təbii ki, cinayətkarların sayının artırılmasından başqa bir şey deyil. Onun idarəçisi kimi də qəbul edə bilmərik. Amma Rusiyanın maraqları təbii ki, bölgədə qarışıqlığı saxlamaqdır. Rusiya istəyir ki, burada separtizm əl-qol açsın”.

Fərəc Quliyev onu da qeyd etdi ki, Rusiyanın Vardanyanı Qarabağa və FTB nümayəndəsini rus icmasının guya Qarabağdakı rəhbəri kimi göndərməsi, orada keçirilən kütləvi tədbirdə Ermənistan ərazisindən ermənilərin daşıyıb gətirilməsi Rusiya sülhməramlılarının, ali rəhbərliyinin bir qayda olaraq separatizmi dəstəkləməsindən başqa bir şey deyil:

“Onlar bitmiş münaqişəni alovlandırmağa çalışır. Beləliklə özlərinin burada lazımlı olduqlarını nümayiş etdirmək və ərazimizdə qalmaq istəyirlər. Amma mən hesab edirəm ki, Azərbaycanın doğru, dürüst yol xəritəsi vardır ki, biz münaqişəni bitmiş sayırıq. Yalnız Ermənistan Azərbaycan arasında dövlətlərarası münasibətlərin tənzimləməsi ilə bağlı işlər görülməlidir. Azərbaycan belə separatçıların, başqa ölkələrin nümayəndələrinin gəlib hər hansı formada Azərbaycan konstitusiyasını pozmasını cinayət halı kimi dəyərləndirilməlidir. Və imkan daxilində bütün tədbirlər - qovulmasından tutmuş məhv edilməsinə qədər - görülməlidir".

Həmidə İbrahimova/redaktor.az
Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed