Şrift:
Fərəc Quliyev:İran rejimi öz ərazisində də dindən istifadə edir
15.11.2022 [11:16] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Bundan təxminən 2 həftə öncə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlar çərçivəsində İran casus şəbəkəsinin Azərbaycandakı qolları aşkarlanmışdı. Müvafiq olaraq, analoji əməliyyatları bu gün də keçirən DTX yenidən İran agenturasına çalışan şəxsləri məsuliyyətə cəlb edib.

Son zamanlar əlaqələrin gərginləşən xətt üzrə inkişafını nəzərə alsaq, “Ettelaat”ın Azərbaycandakı qollarının təmizlənməsi prosesinin bir xeyli zaman alacağı da gözlənilir.

Məsələ ilə bağlı Yenisabah.az-la söhbətində Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib ki, keçirilmiş son əməliyyatlar, əslində, çoxdan olmalıydı:

“Mən bu keçirilən əməliyyatları təqdir edirəm və bu, çox normal bir davranışdır. Çünki onların bütün şəbəkələrini ifşa edib, həbs etmək lazımdır. Bunların maskalanmasının əsas səbəbi din amilidir, din pərdəsi altında gizlənə bilib, bundan istifadə edərək müəyyən şəbəkələr qura bilirlər. Bəzilərini də maliyyə cəhətdən həvəsləndirirlər. Eləcə də din yaxınlığı da bunlara kömək edə bilir. Çünki fars əsilli agentlər də buraya gələ bilirlər, amma daha çox onlar azərbaycanlılardan istifadə edirlər və bu da maskalanmağa xidmət edən bir məsələdir”.

F. Quliyevə görə, İran rejimi öz ərazisində də dindən istifadə edir və insanların duyğularını istismar etməklə məşğuldur:

“Amma di gəl ki, özləri dinə əməl edirlərmi?! Onların Ayətullası fətva vermişdi ki, “qəsb olunan torpaqda dəstəmaz almaq olmaz”. Amma ki, qəsb və işğal olunan Azərbaycan ərazilərini 30 il müddətinə çapıb-taladılar. İranda müəyyən şirkətlər yaradılmışdı və onlar rəsmi şəkildə Azərbaycan ərazilərini erməni hərbçilərindən alıb, talayırdılar. Yəni Azərbaycan ərazilərinin dağıdılması ermənilərin müharibə vaxtı etdiyi dağıntılar deyil, bunun İran edib”.

MDHP sədri söyləyib ki, indinin özündə də İran Azərbaycana qarşı bütün üsullarla mübarizə aparır:

““Səhər” telekanalı, eləcə də başqa televiziyalar Azərbaycan hökumətinin rəhbərliyini, o cümlədən Azərbaycan xalqını təhqir edirlər. Xatırlayırsınızsa, bu yaxınlarda şəhid qəbirləri üzərində belə təbliğat aparırdılar. Ona görə də kimliyindən asılı olmayaraq, bütün bu şəbəkə ifşa olunmalı və hamısı həbs edilməlidir”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, İran vaxtilə Azərbaycanı az qala “Taliban”a çevirmişdi. Onun sözlərinə görə, məhərrəmlik ayı başlayanda İran mollaları sürətlə buraya axırdı:

“Buradan nə qədər adamı təhsil almaları üçün Qum şəhərinə aparıblar. Ona görə də DTX-nın belə əməliyyatları davam edəcək və yeni-yeni adamlar meydana çıxacaq”.

Analitik aydınlaşdırıb ki, İran agenturasının ən fəal olduğu bölgə Azərbaycandır. Onun fikrincə, bu nöqteyi-nəzərdən, bu bölgənin təmizlənməsinə və həmin agentliklərin zərərsizləşdirilməsinə böyük ehtiyac var:

“Mən belə başa düşürəm ki, yaxın bir neçə ay ərzində bu gərgin axtarışlar və təhqiqatlar öz nəticəsini verəcək və agentura şəbəkəsi darmadağın edilib, onun Azərbaycandakı qolları ifşa olunacaq”.

Rafi MÜSLÜMOV/yenisabah.az
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed