Şrift:
“Qarabağ” dünya rekordçularına çatıb
05.12.2022 [10:39] - Xəbərlər, Gündəm, İdman
Misli Premyer Liqasının XVI turunda “Neftçi” ilə qarşılaşan “Qarabağ” səfərdə darmadağına imza atıb.

4:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqib meydanlarındakı quru seriyasını uzadıb.
Ağdamlılar Premyer Liqadakı son 5 səfər görüşündə qol buraxmayıb. “Qəbələ” (1:0), “Şamaxı” (4:0), “Turan Tovuz” (2:0), “Sabah” (0:0) və “Neftçi” (4:0) ilə görüşlərdə “Qarabağ”ın qapısı toxunulmaz qalıb.

Qurbanovun komandasının qapısına öz meydanında yol tapan sonuncu komanda “Zirə” olub. Sentyabrın 18-dəki matçda 1:7 hesabı ilə uduzan bakılılar Coşqun Diniyevin qolu ilə qonaqları məyus edib. Matçda hesabı açan yarımmüdafiəçi 34-cü dəqiqədə fərqlənib. Sonrakı 506 dəqiqədə isə “Qarabağ”ın qapısı tilsimlənib.

Bununla da Azərbaycan çempionu dünya rekordunu təkrarlayıb. “Qarabağ” davam edən analoji seriyalar arasında rekordçulardan biridir. Yüksək liqa təmsilçilərindən “Tirana” Albaniyada, “Linfild” Şimali İrlandiyada ardıcıl 5 səfər matçında qol buraxmayıb.

Qeyd edək ki, “Qarabağ” növbəti səfər görüşünü dekabrın 24-də “Səbail”ə qarşı keçirəcək.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed