Şrift:
Bu il devalvasiya olacaqmı?
05.01.2023 [11:24] - Gündəm, İqtisadiyyat
Bu il devalvasiya olacaqmı? 2023-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi son günlər ən çox ünvanlanan suallardandır.

Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı açıqlama verib.

O bildirib ki, Mərkəzi Bank milli valyutanın məzənnəsinə təhdidlərin olmadığını bəyan edib. Bununla yanaşı, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna olunmur. Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci il neft bazarı üçün düşərli olsa da, 2023-cü ilə birjalar heç də yüksək qiymətlə başlamayıb. “Brent” markalı neftin bir barelinin qiyməti 80 dollardan ucuz təklif olunur. Köhnə ilin son günü ilə müqayisədə neftin qiyməti son 5 gündə 8 faizdən çox dəyər itirib. Bu isə neft ixrac edən ölkələrin valyuta gəlirləri baxımdan arzuolunan deyil. 2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVID-19 pandemiyasının yayılması coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı strateji bazarlara təsir edəcək. Böyük Yeddiliyin Rusiya neftinə qiymət tavanı müəyyənləşdirməsi isə “qara qızılın” qiymətində artımları xeyli dərəcədə məhdudlaşdırır.

“Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Azərbaycanda hələ ki, məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, - deyə deputat qeyd edib.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed