Şrift:
Fərəc Quliyev:Ölkəmizi bölənlər bizim güclü olmağımızda maraqlı deyillər
05.01.2023 [12:11] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
31 dekabr Azərbaycan üçün ilin son günü deyil, həm də böyük bir mübarizənin bizə bəxş etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Belə ki, AXC-nin 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Nəhayət 1989-cu il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi.

“Sərhəd hərəkatı”nın liderlərindən olan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev o dövrlə bağlı fikirlərini Cebhe.info ilə bölüşüb. F.Quliyev ilk olaraq bayram təbriki edib:



“Fürsətdən istifadə edib sizin bütün kollektivi və sizin vasitənizlə dünyanın hər yerində olan Azərbaycan türklərini bu bayram münasibəti ilə təbrik edirəm”.

MDHP lideri “Sərhəd hərəkatı” ilə bağlı danışarkən deyib ki, bu, başqa xalqların iştirakı olmadan, yalnız öz xalqımızın ərsəyə gətirdiyi bir bayramdır:


“Bu, Azərbaycanın bütövləməsinə gedən yol idi. Hesab edirəm ki, “Sərhəd hərəkatı”nda azərbaycanlılar Azərbaycanın bölünməsinə sərhədləri yandırmaqla ən böyük təpkisini nümayiş etdirdi. Bütün dünyaya elan etdik ki, bu xalq bölünüb, birləşmək haqqıdır. Onun ədalətli status -kvosu tarixi coğrafi ərazisində Bütöv Azərbaycandır. Əslində, 1988-ci il hadisələri başlayanda bütün əhalini inandırmağa çalışırdıq ki, dərdlərimizin səbəbi ölkəmizin bölünməsi ilə zəif düşməsindədir. Üstündən xeyli keçib, bu gün də görürük ki, ölkəmizi bölənlər bizim güclü olmağımızda maraqlı deyillər. İran və Rusiya mütəmadi olaraq çalışır ki, Azərbaycan məsələsində ortaq davransın. O baxımdan biz bu ayrılığa son qoyulmasını prioritet məsələ olaraq millət qarşısında qoyulmasını nümayiş etdirdik. Sərhədlərin yandırılması bu mənada həm də rəmzi xarakter daşıyırdı ki, bu ayrılığa, zəifliyə son qoyulmalıdır”.

Fərəc Quliyev bildirib ki, Azərbaycanın bu hərəkatı 1989-cu ildə ilin ən mübariz xalqı adını almasında çox önəm daşıdı:

“Millətin özünə güvənini qaytardı. Millətin yalnız özündən güc almasının mümkün olduğunu göstərdi. 2020-ci ildə isə Azərbaycan ilin ən döyüşkən xalqı adını aldı. Gücümüz özümüzdədir. Hesab edirəm ki, o günlər “Sərhəd hərəkatı” dövründə bizim aylarla sərhəd kənarında çadırlar qurmağımız, mitinqlər etməyimiz, tonqallar yandırmağımız, 50 kilometr uzunluğunda millətin əl-ələ tutub Ordubaddan Sədərəyə qədər dayanması onu göstərdi ki, bu millət özünə güvənlidir və hər şey edə biləcək bir xalqdır. Bayramı biz əlimizin, qolumuzun, biləyimizin gücü və millətin dərin ağlı ilə qazanmışıq. Bir daha bu gün münasibəti ilə dünyanın hər yerində olan Azərbaycan türklərini təbrik edirəm”.

Vilayət Muxtar /Cebhe.info
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed