Şrift:
Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi haqqında tarixi həqiqətlər
13.01.2023 [10:19] - Xəbərlər, Gündəm, Qərbi Azərbaycan-İrəvan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bugünkü Ermənistanın yerləşdiyi ərazinin tarixi Azərbaycan torpağı olduğunu və bu ərazidə tarix boyu Azərbaycan xalqının yaşadığını xüsusi olaraq vurğuladı və 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı, 1920-ci ildə Azərbaycan SSR-in Zəngəzuru Ermənistana güzəştə getmək qərarlarına siyasi qiymət verdi. Prezident Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerini yüksək qiymətləndirdi, eyni zamanda haqlı olaraq bu tarixin şanlı səhifələri ilə yanaşı, qara səhifələrini də unutmamağı, tarixi həqiqətləri təhrif olunmuş formada təqdim etməməyi və bundan dərs çıxarmağı tövsiyə etdi.

Prezident İlham Əliyev İrəvanın ermənilərə verilməsi qərarını istər 1918-ci ildə, istərsə də hazırkı dövrdə müxtəlif səbəblərlə izah etməyə çalışanların heç bir izahatının qəbul edilən olmadığını, bu qərarın xalqımızın başına nə qədər böyük bəlalar gətirdiyini vurğuladı və haqlı olaraq qeyd etdi ki, “əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi”.

“İrəvanın ermənilərə verilməsi və ümumiyyətlə Cənubi Qafqazda erməni dövlətinin yaradılması” siyasətinin alternativi var idimi? Dövrün arxiv sənədlərindən məlum olur ki, bəli var idi. Bu alternativ “Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına ümumiyyətlə imkan verməmək” siyasəti idi. Bu Osmanlı dövlətinin siyasi xətti idi, lakin təəssüf ki, biz buna qarşı çıxdıq...

Dövrün arxiv sənədlərinin tədqiqi belə bir həqiqəti ortaya çıxarır ki, 1918-ci ildə Cənubi Qafqaz Seyminin süqutunun labüdlüyü ortaya çıxan zaman bölgədə əsas söz sahibi olan Osmanlı dövlətinin baş naziri Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda iki dövlətin – gürcü və müsəlman dövlətlərinin yaradılması mövqeyindən çıxış edir, bölgədə üçüncü dövlətin – erməni dövlətinin yaradılmasının əleyhinə idilər. Tələt və Ənvər paşalar məsələyə strateji yanaşaraq, Seymin süqutu və müstəqil gürcü dövləti yaradıldığı təqdirdə Qafqazın digər qismində müsəlman dövləti yaratmaq və ermənilərə dövlət yaratmağa imkan verməmək, ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək və bu məsələdə “çibanı kökündən təmizləmək” mövqeyindən çıxış edirdilər.

Lakin Batum konfransındakı Seym heyətinin gürcü və Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılmasının vacibliyi mövqeyində israr edirdilər. Osmanlı hökuməti gürcü nümayəndələrinin təklifini rədd etsə də, Azərbaycan nümayəndələrinin təkidli mövqeyi qarşısında “ermənilərə dövlət yaratmağa imkan verməmək və ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək” təklifindən geri çəkildi və bir sıra öhdəliklər qarşılığında Osmanlı dövlətinin yeni sərhədləri ilə Göyçə gölü arasında erməni dövlətinin yaradılmasına razılıq verdi.

Yəni, erməni dövlətinin yaradılması məsələsində Azərbaycan nümayəndələrinin təkidli mövqeyi mühüm rol oynadı. Bu fakt dövrün tarixi sənədlərində təsbit olunur, danılmaz həqiqətdir, bunu kimsə dana bilməz. Bu həqiqəti Azərbaycan Cümhuriyyətinin xadimləri özləri də etiraf ediblər. Məsələn, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Məmməd Yusif Cəfərov 1918-ci il oktyabrın 8-də Tiflisdəki Osmanlı nümayəndəsi Əbdülkərim paşanın vasitəçiliyi ilə Ermənistanın Gürcüstandakı diplomatik nümayəndəsi Arşak Camalyanla keçirdiyi görüşdə Azərbaycanın həmişə ermənilərə xoş münasibət göstərdiyini və Batum konfransının gedişində məhz Azərbaycanın səyləri nəticəsində Ermənistanın müstəqilliyinin təsbit olunduğunu bəyan edib, həmçinin İrəvan şəhərinin də Qarabağa bir daha ərazi iddiaları irəli sürməyəcəkləri şərtilə ermənilərə verildiyini Camalyanın diqqətinə çatdırıb.

Azərbaycan tərəfinin səyləri nəticəsində Cənubi Qafqazda erməni dövlətinin yaradıldığını Məhəmməd Əmin Rəsulzadə də dəfələrlə bəyan edib və eyni zamanda bu addımın yanlış olduğunu bu qərarın qəbul olunmasından heç bir ay keçməmiş etiraf edib. M.Ə.Rəsulzadə İstanbul konfransında olarkən Osmanlı rəsmiləri ilə görüşündə Azərbaycan tərəfinin Batum konfransında Tələt və Ənvər paşaların erməni dövlətinin yaradılması məsələsinə münasibətdə “çibanı kökündən təmizləmək” təklifini bölüşmədiyinin səhv mövqe olduğunu, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və Azərbaycan üçün bir bəlaya çevrildiyini etiraf edib. Tarix də sübut etdi ki, Tələt və Ənvər paşaların erməni dövlətinin yaradılmasına imkan verməmək və bu məsələdə “çibanı kökündən təmizləmək” siyasəti dövrün şərtləri daxilində ən doğru və strateji seçim idi. Lakin təəssüf ki, Azərbaycan nümayəndələri bu siyasətə qarşı çıxdılar və erməni dövlətinin yaradılması siyasətini yeritdilər.

Batum konfransında siyasi mərkəzi İrəvan şəhəri olmaqla erməni kantonunun yaradılması haqqında qəti qərar qəbul edildikdən sonra konfransdakı Azərbaycan nümayəndələrinin (M.H.Hacınski və M.Ə.Rəsulzadə) tövsiyəsi ilə hüquqi prosedurları tamamlamaq üçün Azərbaycan Milli Şurasının 29 may 1918-ci ildə Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasında İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi müzakirə olundu. İclasın keçirilməsi üçün yetərsay olmadığı halda məsələ səsə qoyuldu və “İrəvanın ermənilərə güzəştə gedilməsi” ilə bağlı müsbət qərar verildi. Bu qərarla İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi hüquqi cəhətdən ermənilərin xeyrinə həll edilmiş olsa da, əslində bu qərarın hüquqi əsası yox idi.

Azərbaycan Milli Şurası o zaman parlament funksiyasını həyata keçirirdi, yəni hökumətin imzaladığı müqavilə, saziş və razılaşmalar Milli Şurada təsdiq edildikdən sonra qanuni qüvvəyə minə bilərdi. Əvvəla, Batumda aparılan erməni-Azərbaycan danışıqlarında tərəflər arasında bu məsələ ilə bağlı əldə edilən centlemen razılaşmaların hansısa bir müqavilə ilə rəsmiləşdirilməsi həyata keçirilməyib. Qarşılıqlı öhdəlik və məsuliyyəti hüquqi qüvvəyə malik müqavilə ilə rəsmiləşdirilməyən bir centlemen razılaşmanı bitərəfli qaydada təsdiq etmək doğru deyildi.

Digər tərəfdən, İrəvan məsələsi ilə bağlı Batumda əldə edilən razılaşmaları birtərəfli qaydada təsdiq edib rəsmiləşdirən Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli iclası bu məsələdə qərar qəbul etmək üçün səlahiyyətə malik deyildi. Belə ki, Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli iclasında Milli Şuranın 44 nəfər üzvündən cəmi 20 nəfəri iştirak edib, bu 20 nəfərdən də 16 nəfəri İrəvanın güzəştə gedilməsi təklifinin lehinə, 1 nəfəri əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb. Ərazi güzəşti kimi mühüm bir məsələnin həlli qərarı Milli Şura üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə qəbul edilə bilərdi. Bu iclasda isə Milli Şura üzvlərinin heç 50 faizi iştirak etmirdi. Bu mənada Milli Şuranın 29 may 1918-ci il tarixli iclasının qərarı legitim hesab edilə bilməz.

Üçüncü bir tərəfdən, İrəvan şəhərinin müsəlmanların böyük çoxluq təşkil etdiyi yerli əhalisinin rəyi belə öyrənilmədən məsələ müzakirəyə çıxarılıb və qərar qəbul olunub. Azərbaycan Milli Şurasının 1 iyun 1918-ci il tarixində keçirilən iclasında İrəvandan olan şura üzvləri – Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov Milli Şuranın “İrəvanın Ermənistana güzəştə getməsi” qərarına qarşı rəsmi etirazla çıxış etdilər. Lakin Milli Şura bu etiraz sənədini müzakirə etmədən onun protokola tikilməsi haqqında qərar qəbul etdi. Beləliklə, Azərbaycan tərəfinin köməyi ilə Ermənistan dövlətinin yaradılması və onun paytaxtı məsələsi öz həllini tapdı.

AMEA Tarix İnstitutu “Azərbaycan Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi,
“Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası” elmi qrupunun rəhbəri,
tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed