Şrift:
Fərəc Quliyev:Rusiyanın Ukrayna ilə apardığı savaşda artıq nəticə demək olar ki, məlumdur
13.01.2023 [13:18] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı bildirib ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu təkcə Ermənistanın təhlükəsizliyinə zəmanət vermir, əksinə respublika üçün təhlükələr yaradır.
Belə ki, Rusiya Avropada qazanmağa çalışarkən Qafqazda itirir. Yəni Paşinyan açıq şəkildə Rusiyadan imtina etmək istədiyini dilə gətirir.

“Milli Dirçəliş Hərəkatı” Partiyasının sədri Fərəc Quliyev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyan Rusiyadan 44 günlük müharibə zamanı Ermənistana gözlədiyi yardımı etmədiyi üçün dilə gəlib. “Eyni zamanda sentyabr ayında Rusiya onun istədiyi kimi məsələyə müdaxilə etmədi.

Bütün hallarda çalışırdı ki, Rusiyanı “Kollektiv Təhlükəsizlik Təşkilatı” adı altında Azərbaycanla toqquşdursun, bu da baş vermədi. Bu gün Laçın dəhlizində Azərbaycanın ekofəallarının nümayişinə Rusiyanın təpkisini gözləyirdi, zorakılıq tətbiq edəcəyini düşünürdü. Bunlar da olmadı. Çünki bura Azərbaycan ərazisidir və Azərbaycan özü bilər necə hərəkət edir. Bütün bunlara görə Paşinyan düşünür ki, Rusiyanın bütün bunlara müdaxiləsi yoxdursa, bu Ermənistanın təhlükəsizliyinə zəmanət vermir. Bir vaxtlar 102-ci hərbi hissə buna görə Ermənistanda yerləşdirilmişdi ki, guya Ermənistanı Türkiyənin müdaxilələrindən qorusun. İndi artıq bu da öz əhəmiyyətini itirib”-deyən partiya sədri qeyd edir ki, Rusiya və Türkiyə arasındakı münasibətlər o səviyyədədir ki, o hərbi hissənin də əhəmiyyəti qalmayıb.

F.Quliyev hesab edir ki, Türkiyə nəinki bölgədə, həm də dünyada böyük gücə malikdir. Rusiya isə tamamilə zəifləyib, sıradan çıxır.

“Rusiyanın Ukrayna ilə apardığı savaşda artıq nəticə demək olar ki, məlumdur. Rusiya məğlubiyyətə uğrayır və bu savaşdan itkilərlə çıxacaq. Rusiya bu savaşdan həm siyasi, həm də iqtisadi cəhətdən, zəif dövlət kimi hörmətsiz çıxacaq. Rusiyaya bundan sonra hansı basqılar olacaq, vəziyyəti necə olacaq, bunlar hamısı ciddi suallardır. Bu baxımdan Paşinyan düşünür ki, “cəhənnəmə gedən özünə yoldaş axtarar”- deyə, Rusiya da Ermənistanı özü ilə cəhənnəmə aparacaq. Ermənistan xilas olmağa çalışır.

Bu mənada düşünür ki, artıq Rusiyanın onun ölkəsində mövcudluğu təhlükə yaradır”,- deyən partiya sədri hesab edir ki, bu bir az da mental məsələsidir. Onun sözlərinə görə, ermənilər öz ağalarını həmişə satıb. Onlar həmişə parazit həyat sürüblər. Və günün birində görəndə ki, onların parazit kimi sığındığı böyük dövlət süqut edir, dərhal yenisini axtarmağa başlayırlar.

“Bu Türkiyəyə münasibətdə də belə olub, Qacarlar dövlətinə münasibətdə də. Bu gün də Rusiyanın zəiflədiyi dönəmdə dərhal gəmini siçovullar kimi tez tərk etməyə çalışırlar". Politoloq qeyd eidb ki, əvvəla Rusiya Avropada da qazanmayıb, qazanmayacaq da. Belə ki, Şərqi Avropada bütün mövqelərini itirib.

“Xeyli əvvəl Varşava müqaviləsi təşkilatında olan üzvlərlə münasibətləri pozuldu. O müqavilə dağıldı, həmin təşkilatın üzvləri artıq NATO üzvləridirlər. Sonra şərqi Avropada bütün mövqeləri itirməyə başladı. O cümlədən Ukraynada da kritik vəziyyət yarandı. Əlbəttə qazanmayacaqdı, Qafqazda da qazanmayacaqdı. Çünki mövqeləri zəiflədikcə, Qafqazdan da çıxmağa məcburdur. Ən yaxın müttəfiqi Ermənistan artıq onu Qafqazdan qovur. Yeni dünya düzənində artıq Rusiya öz qlafına sığınmağa məcburdur. Hətta onun öz qlafında da yer olacaqmı, bu sualdır. Rusiyanın özünün bölünmə təhlükəsi var. Rusiyanın yanlış, revanşist siyasəti, ambisiyaları onu iflasa aparır. Rusiya fərqli davranış nümayiş etdirsəydi, bu günə düşməzdi. Artıq bu prossesin geriyə dönüşü yoxdur”,- deyən partiya rəhbəri bildirib ki, bu ilin ortalarına qədər Ukraynada Rusiya ağır zərbə alandan sonra daha ciddi şəkildə basqılara məruz qalacaq.

Belə ki, Rusiya Avropada və Qafqazda, ümumiyyətlə dünyanın müxtəlif yerlərində mövqelərini itirməyə başlayacaq.

İradə Cəlil, Bizimyol.info
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed