Şrift:
Urmiya gölündə gedən proseslərin davam etməsi ekoloji fəlakətə gətirib çıxara bilər
25.01.2023 [12:01] - Güney Azərbaycan xəbərləri
Cənubi Azərbaycan ərazisində yerləşən Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir. Suyunun çox duzlu olmasına baxmayaraq, ümumi sahəsi 6 min kvadratkilometrə yaxın olan Urmiya gölü ətraf ərazilərin iqlim və ekologiyasında böyük əhəmiyyət daşıyır. Bundan başqa, vaxtilə bu göl geniş turizm və sənaye infrastrukturuna malik olmaqla ölkə iqtisadiyyatında və ətraf ərazilərdə yaşayan əhalinin rifahında nəzərəçarpacaq rol oynayıb. Bu baxımdan, son dövrlərdə Urmiya gölündə suyun səviyyəsinin kəskin aşağı düşməsi böyük narahatlıq doğurur.

Coğrafiya elmləri doktoru Səid Səfərov Urmiya gölünün qurumasının səbəblərindən danışıb.

Alim bildirib ki, artıq gölün çox böyük bir hissəsi tamamilə quruyub və həmin sahələrdə əmələ gələn duz yığınları külək vasitəsilə sovrularaq əkin sahələrinə və əhalinin sağlamlığına mənfi təsir göstərir. Göldə gedən proseslərin bundan sonra da davam etməsi ekoloji fəlakətə gətirib çıxara bilər.

Dünyanın əksər qapalı su hövzələrində buna oxşar proseslər gedir. Məlumdur ki, qapalı su hövzələrində səviyyə onun su balansı ilə müəyyən olunur. Su balansının gəlir hissəsini gölə tökülən çay axımları və onun səthinə düşən atmosfer yağıntıları, çıxar hissəsini isə gölün səthindən buxarlanma təşkil edir. Su balansının gəlir hissəsi çıxardan böyük olduqda gölün səviyyəsi qalxır, çıxar hissəsi böyük olduqda isə aşağı düşür.

“Son dövrlərdə Urmiya gölünün su balansının gəlir hissəsi kəskin şəkildə azalmaqda, çıxar hissəsi isə artmaqdadır. Buna səbəb kimi həm təbii, həm də antropogen amilləri göstərmək olar. Əgər gölün səthinə düşən yağıntıların azalması və səthdən buxarlanmanın artması təbii amillərlə, daha doğrusu, iqlim dəyişmələri ilə izah oluna bilirsə, çay axımlarının azalması həm təbii, həm də antropogen amillərlə əlaqələndirilə bilər. Quraqlıq səbəbindən və kənd təsərrüfatı məqsədləri üçün sudan həddindən artıq dərəcədə istifadə ilə əlaqədar əksər çayların suyu artıq gölə gəlib çatmır. Əkin sahələrinin ildən-ilə artırılması və sudan istifadədə hərc-mərclik bu problemi daha da dramatikləşdirir. Beləliklə, Urmiya gölünün qismən də olsa xilas edilməsi üçün ona tökülən çay axımları bərpa edilməlidir. Formal olaraq hökumət tərəfindən problemin həll olunması üçün müvafiq tədbirlərin görüləcəyi haqqında vədlər verilsə də, hələlik bu sahədə biganəlik hökm sürür”, - deyə alim bildirib.
Bu xəbər oxucular tərəfindən 13832 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed