Şrift:
Fərəc Quliyev:İran rejimi çalışır ki, Xoydakı azərbaycanlı türklərə yardım olunmasın
02.02.2023 [10:51] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“İran rejimi heç də başı özünə qarışdığı üçün Xoy zəlzələsindən əziyyət çəkən soydaşlarımıza yardım etməmək xəttini tutmayıb. Onlar məsələyə kifayət qədər düşünülmüş şəkildə yanaşırlar və çalışırlar ki, azərbaycanlı türklərə yardım olunmasın”.


Bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Musavat.com-a açıqlamasında deyib. Partiya sədri vurğulayıb ki, İran molla rejimi bundan əvvəlki zəlzələ hadisələrində də güneyli soydaşlarımıza qarşı bu cür davranış nümayiş etdirib:

“Ötən əsrin 90-cı illərinin əvvəllərində Zəncanda çox böyük zəlzələ olmuşdu. Həmin zəlzələ zamanı xeyli sayda kəndlər dağıldı, demək olar ki, alt-üst oldu. O vaxt parlamentin üzvü idim və Naxçıvanda həkim komissiyası və yardım karvanları ilə Güney Azərbaycana getdik. Bizi Zəncan yaxınlığında zəlzələ zonasına buraxmırdılar. Hətta bizi otellərə yerləşdirməyə çalışırdılar ki, başımızı qarışdırıb, geri göndərsinlər. Lakin biz çox ciddi şəkildə dirəniş göstərdik, hətta mən o səviyyədə etiraz etdim ki, məni İrandan çıxartmaq istəyirdilər. Ancaq həkimlər dedilər ki, əgər mən çıxaramsa, onlar da ciddi etiraz edəcəklər. Nəticədə İran rejimi səs-küy yaranacağından, biabır olacaqlarından çəkinərək, bu fikirlərindən daşındı.

Beləliklə, çox böyük çətinliklə dağılmış kəndlərə gedib, yardım göstərməyə çalışdıq. Qeyd etdiyim kimi, həmin zəlzələdən kəndlər darmadağın olmuşdu, yaralılar var idi. Lakin postlar qoyulmuşdu və heç kəsi ora getməyə qoymurdular. Bir müddət keçəndən sonra həmin yerləri traktorun ağzına verib, tamamilə şumlayırdılar. Yəni əhəmiyyət vermirdilər ki, orada ölən, yaralanan var, ya yoxdur.

Biz orada əlimiz çatan qədər yardım etdik. Naxçıvandan gedən tibb bacıları, həkimlər sanki orada döyüşdülər. Bunu ona görə xatırlatdım ki, İran rejiminin bu cür hadisələrdə azərbaycanlı türklərə qarşı münasibətini görmüşəm. İndi də İran dövləti üçün heç bir əhəmiyyəti yoxdur ki, Xoyda nə qədər insan ölüb, yaralanıb, nə qədər insan əziyyət çəkir və sairə. Yəni bu barədə düşünmür.

Əlbəttə ki, bu düşünülmüş siyasətdir. İran rejimi çalışır ki, müəyyən qədər insanlar narazı qalsın, ixtişaşlarda açıq şəkildə çıxıb etiraz edənlərə bir də ələkdən keçirsin və yaxud kütləvi köç olsun, ölkədən çıxıb getsinlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 28-də gecə saatlarında baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində ən azı 3 nəfərin ölüb, mindən artıq insan yaralanıb. İran Türkiyənin Xoy şəhərində baş verən zəlzələdə zərər çəkənlərə yardım təklifini qəbul etməyib. İran rəsmiləri öz imkanları ilə məsələnin öhdəsindən gələ biləcəklərini ifadə ediblər. Türkiyə Qızılay Cəmiyyətinin başqanı Kərəm Kınık bu barədə məlumat verib.

“Zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək bizlərə təşəkkür etdilər,” Kərəm Kınık öz Twitter səhifəsində yazıb.

Xalidə Gəray/Musavat.com
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed