Şrift:
Fərəc Quliyev:Gələcəkdə bütün məhdudiyyətlər aradan qaldırılmalıdır
03.02.2023 [10:17] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib. Belə ki, fevralın 1-dən Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən şəxsi avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyənlər yalnız Naxçıvan MR qeydiyyatındakı şəxslər olmalıdır. Onlar minik avtomobilləri ilə sərhədi keçə, eləcə də geri qayıda bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.

Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid dayandırılmışdı. Bu məsələ Naxçıvan əhali arasında narazılıqlara səbəb olmuşdu. Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Avtandil Abbasov mətbuata açıqlamasında bildirmişdi ki, Türkiyə ilə Azərbaycan arasında quru sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanıb və sentyabrın 1-dək qüvvədə qalacaq. Avtandil Abbasov - “sərhəd məhz niyə bu gün bağlanıb?” sualına isə belə cavab vermişdi: “232 saylı qərara uyğun olaraq sərhəddə işlər təşkil edilib. Qərarda sərhədin bağlanmasının pandemiya ilə əlaqədar olduğu göstərilib”.

Bəs bu qadağanın götürülməsi yerli əhalinin güzəranına hansı təsirləri olacaq? Niyə heç bir əsas olmadan Talıbovlar belə bir qadağanı pandemiyadan sonra tətbiq etmişdilər?

Mövzu ilə bağlı naxçıvanlı tanınmış siyasət adamları ilə danışdıq.

Fərəc Quliyev: “Gələcəkdə bütün məhdudiyyətlər aradan qaldırılmalıdır”


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, sərhədin açılması təkcə loğistika kimi qiymətlənləndirilməməlidir: “ Biz artıq gələcəyimizi ortaq düşünürük. Bunu cənab Ərdoğan da, Prezident İlham Əliyev də bildirib, hər iki ölkənin cəmiyyətləri də bunu qəbul edib. Yəni biz bütün sahələrdə ortaq davranırıq. Gələcəkdə də bütün məhdudiyyətlər aradan qaldırılmalı, bu iki ölkə arasında heç bir məhdudiyyət olmamalıdır. Niyə Türkiyə ilə quru sərhəd açıldı, amma İranla deyil? Bu məntiqə sığan məsələdir. Çünki Türkiyə ilə olan münasibətlərimizi heç vaxt İranla müqayisə etmək mümkün deyil. İran Azərbaycan əraziləri işğal olunanda 30 il ərzində orada yeraltı tunel hazırlayıb, narkobizneslə məşğul olub, terrorçular göndəriblər, ərazimizi tamamilə talan ediblər, hər dəfə də Azərbaycana qarşı yeni təxribatlar törədiblər. İndi onların hər gün bir casus şəbəkəsi, yuvaları ifşa olunur. Ona görə də İranla sərhədi qapalı saxlamaq zəruridir.

Türkiyə ilə Naxçıvan arasında quru sərhədin açılmasının əhaliyə çox böyük faydası var. Naxçıvan camaatı aqrar sahədə istehsalçı kimi öz məhsulunu Türkiyə və Türkiyədən digər ərazilərə çıxartmaq imkanı qazanır. Həmçinin burada idxal məsələsi də var. Camaatın çoxu Türkiyəyə gedib, orada çalışır. Ona görə də hesab edirəm ki, yolun açılması Naxçıvan əhalisini yaşayışına xeyli dərəcədə təsir edəcək. Düşünürəm ki, bundan sonra müəyyən müştərək müəssislər, türkiyəli iş adamlarına Naxçıvanda şərait yaradılacaq, yeni istehsal müəssisləri açılacaq, yüngül sənaye, mədən sahəsində inkişaf olacaq".

Xalidə GƏRAY/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed