Şrift:
Beynəlxalq səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
06.02.2023 [10:32] - Gündəm
Beynəlxalq səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfərinin növbəti ünvanı Cəbrayıl rayonu olub.

Beynəlxalq səyyahlar qrupu fevralın 6-da unikal tarixi abidə olan Xudafərin körpüsünə gəlib. Səyyahlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan olunub, təbiət isə məhv edilib. Burada da bir çox tarixi-dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər heyvan saxlancı kimi istifadə olunub, qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyyahların marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyyahları şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də səyyahların azad edilmiş ərazilərə səfərində dünya miqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.

Bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Xarici səyyahlar 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.
Bu xəbər oxucular tərəfindən 216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed