Şrift:
Fərəc Quliyev:Azərbaycan və Ermənistan arasında danışıqların üçüncü bir dövlətin vasitəçiliyi olmadan aparılması vacibdir
02.03.2023 [15:27] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Son bir ildə Rusiyanın başının Ukraynada müharibəyə qarışması və rus ordusunun bu müharibədə ciddi uğursuzluqlara düçar olması Cənubi Qafqazda müəyyən siyasi boşluq yaradıb.

Regionda son siyasi proseslərdə Rusiyanın əvvəlki kimi ciddi rol oynadığını və müdaxiləsini görmürük. Bir çoxları belə bir zamanda istər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, istərsə Qarabağ məsələsində proseslərin Azərbaycanın xeyrinə həll olunacağını hesab edirlər.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, Azərbaycan öz milli strategiyasını hər hansı dövlətin düşdüyü vəziyyətdən asılı olmayaraq sərbəst və azad şəkildə yönəldir:


“Təbii ki, Ukraynadakı müharibənin regionumuz üçün müsbət və mənfi təsirləri də ola bilər. Bu müharibənin hansı nəticələr doğuracağanı yaxın gələcəkdə görəcəyik. Lakin ölkəmiz hər hansı dövlətin düşdüyü siyasi vəziyyətə uyğun davranış nümayiş etdirməməlidir. Əlbəttə, biz başa düşürük ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında hazırki proseslərə, eləcə də bütün Qafqaza təsir imkanları çoxdur. Bu amili mütləq nəzərə almalıyıq. Sabah Rusiya güclənə və ya məğlub olub zəifləyə də bilər, amma Azərbaycan buna uyğun olaraq öz siyasətini müəyyən edə bilməz. Azərbaycan oturuşmuş siyasət yürüdür və Ermənistanla sülh müqaviləsi ilə bağlı beş prinsip irəli sürüb.

Bizim bu prinsiplərimiz mütləq öz həllini tapmalıdır. Biz çox yaxşı bilirik ki, böyük güclərin regionumuzda maraqları toqquşur, Avropa İttifaqı Ermənistana öz nümayindələrini göndərməklə məşğuldur, ABŞ və qonşularımız başqa bir formada regionumuza müdaxilə edir, habelə bölgədə vəziyyəti gərginləşdirməyə də çalışırlar. Ancaq bütün bunlara baxmayaraq, Ermənistandan fərqli olaraq Azərbaycan öz milli strategiyasına malikdir və heç kimi öz ərazisinə buraxmır.

Ölkəmiz bütün danışıqlarda özünün prinsipləri çərçivəsində çıxış edir. Ukraynada müharibənin nəticəsi nə olursa olsun, biz öz prinsiplərimizdən geri çəkilməməliyik. Doğrudur, Rusiya Ukrayna ilə müharibədə öz istəyinə nail olmayıb və ciddi uğursuzluqlara düçar olub. Bu, bizim xeyrimizədir. Belə olan halda Rusiya regionla bağlı öz iddialarından yavaş-yavaş əl çəkəcək, Cənubi Qafqazda mövqeyi zəifləyəcək, sözünə qulaq asan olmayacaq, biz də öz milli maraqlarımız naminə mövcud vəziyyətdən istifadə edəcəyik”.

Sonda Fərəc Quliyev bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqların üçüncü bir dövlətin vasitəçiliyi olmadan aparılması vacibdir.

“Azərbaycan dəfələrlə bu məsələ barədə öz mövqeyini bildirib. Hesab edirəm ki, proses bu istiqamətdə gedir. Vasitəçilik adı altında hər hansı dövlətin prosesə müdaxiləsinə imkan verməkdənsə, bu müstəvidə danışıqlar aparıb uğur qazanmaq daha mümkündür”.

Yunis Abdullayev/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed