Şrift:
Fərəc Quliyev:Biz daha çox dövlətləri idarə edən təşkilatlarda idarəedici rolda olmaq istəyirik
06.03.2023 [10:47] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Cənub-Cənub adlı əməkdaşlıq formatının zəruriliyindən danışıb:

“Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil.

İqlim dəyişikliyi bəşəriyyət üçün digər bir təhdiddir və su qıtlığı, ərzaq çatışmazlığı və məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur.

İnkişaf edən kiçik ada ölkələri daha çox diqqətəlayiqdir. Çünki onlar iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün yer üzündən silinmək təhlükəsi ilə üzləşiblər”.

Prezidentin daha da inkişaf etdirməyi zıruri bildiyi “Cənub-Cənub” adlı əməkdsşlıq formatı perspektiv üçün nələri vəd edir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə prezidenti yeni iqtisadi əməkdaşlıq məkanlarını müəyyənləşdirdi, yeni tezislərlə çıxış etdi: “Xüsusən Afrika və ərəb ölkələrinə işarə etdi. Həmçinin Fransanın təsir dairəsində olan ölkələrə də işarə etdi. Bu da yeni bazarlara çıxıç axtarışı deməkdir. Ona görə, həm Afrika, həm də Asiya ölkələrində yeni əməkdaşlıq formatından söhbət gedir. Bizim özümüz də əslində Avropanın cənub bölgəsi sayılırıq. Amma burda daha çox Asiyanın, Afrikanın ölkələri nəzərdə tutulub. Bu axtarış tamamilə normaldır. Avropada ziqzaqlar yaşandığı bir zamanda Rusiya-Ukrayna müharibəsinin iqtisadi əməkdaşlığa, ticarət dövriyyəsinə təsirləri ilə bağlı xeyli suallar çıxıb ortaya. Həm də bu dövlətlərin mənafe dairəsində olan cənub bölgələrində bir boşluq yaranıb. Belə zamanlarda sadəcə peşəkarlığa ehtiyac var. Düşünürəm ki, bu çağırış tamamilə normaldır. Prezident Münhen Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna müharibəsinin təsirləri ilə bağlı suala cavabında bildirdi ki, bizə də müəyyən qədər təsiri olub, ancaq həm də bizə inkişaf üçün yeni imkanlar açılıb. “Yeni imkanlar açılıb" ifadəsinin altında həm də bu yatır. Yəni bəzi dövlətlərin itirdikləri məkanları, bazarları qazanmaq. Prezident bu məsələni tezis olaraq ortaya qoydu və ordakı dövlətlərim nümayəndələrinin çıxışlarından da hiss olundu ki, bizim göstərdiyimiz münasibət istər inkişaf etmiş, istərsə də geridə qalmış ölkələr tərəfindən səmimi olaraq qarşılanıb. Ölkə Prezidentinin Fransa ilə bağlı yeni çağırışı da çox məmnunluqla qarşılandı. Bu da Azərbaycan üçün yeni imkanlar, yeni bazarların açılmasına gətirib çıxaracaq. Bazar özü də yeni siyasi münasibətlər deməkdir. Belə olduğu halda, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkikatında mövqelərimiz möhkəmlənəcək. Həmçinin BMT - də sözümüzün kəsəri artacaq. Hədəfimiz də budur. Biz daha çox dövlətləri idarə edən təşkilatlarda idarəedici rolda olmaq istəyirik. Ona görə də, istər Şimalda, istərsə də Cənubda mövqelərimizin möhkəmlənməsi üçün atılan addımlar uğurlu diplomatik gediş adlandırıla bilər”.

Bu qənaətə gəlmək olar ki, beynəlxalq təhlükəsizliyin təminatı, BMT Təhlükəsizlik Şurasının mövcud çağırışlara adekvat cavab verə bilməsi üçün Prezident İlham Əliyevin bu təklifi ən real və ən doğrudur. Bu cür islahatlar beynəlxalq təhlükəsizliyin təminatı üçün qaçılmazdır və dünya ölkələri cənab İlham Əliyevin bu təklifini dəstəkləməlidir.

Məhəmmədəli QƏRBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed