Şrift:
Fərəc Quliyev:ABŞ-da hətta prezidentin özü olmayan hallarda belə hər şey saat mexanizmi kimi işləyir
07.03.2023 [12:05] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verildiyi kimi, ABŞ Prezidenti Cozef Bayden uğurla əməliyyat olunub, onun dərisində bədxassəli şiş çıxarılıb. Bu barədə onun həkiminə istinadən “Reuters” agentliyi məlumat yayıb. Həkimin sözlərinə görə, fevral ayında aparılan biopsiya Amerika liderində bazal hüceyrəli karsinomanın (dəri xərçəngi – red.) olduğunu təsdiqləyib. Bayden müəyyən müddət dermatoloqun nəzarətində olacaq.

Adətən dövlət başçılarının, xüsusən də avtoritar və qapalı rejimli ölkələrin rəhbərlərinin xəstəlikləri gizli saxlanılır. ABŞ–da isə belə praktika yoxdur. Artıq məlumdur ki, Bayden 2024-cü ildə (82 yaşda) da ABŞ prezidenti namizədliyini verməyi düşünür. O zaman bu bədxassəli şiş ona şans tanıyacaqmı?

Dəri xərçəngi nə dərəcədə ölümcüldür və bir siyasət adamının ömrünə, intellektinə, psixikasına, iş qabiliyyətinə hansı təsirləri buraxa bilər? Ömrü təbii ki, Allah verir, amma 80 yaşlı Bayden 1-ci prezident müddətini başa vura biləcəkmi? Bu qəbil xəstələrlə bağlı statistika nə deyir?

İxtisasca həkim olan sabiq deputat Fərəc Quliyev mövzu ilə “Yeni Müsavat”a dedi ki, bu Baydenin şəxsi həkiminə bağlı məsələdir:

“Əslində xəstəliyin çox ciddi fəsadı yoxdursa, zehni fəaliyyətə ciddi təsiri yoxdursa, bunun bir siyasətçinin fəaliyyətinə ciddi təsiri yoxdur. Misal üçün, prezidentlər olub ki, oturaq həyatı sürüb, amma prezident kimi fəaliyyətini davam edib. Hər halda Amerika kimi dövlətdə hətta prezidentin özü olmayan hallarda da hər şey saat mexanizmi kimi işləyir. İnstitutlaşmış, oturuşmuş bir dövlətdir. Prezident az məsələni həll edib. Son qərarları ifadə edən birisidir. Hətta özü icra etmir, icraçı ilə bunu formalaşdıranlar arasında bir vasitəçidir. Ona görə Amerika kimi dövlətlərdə bu çox da narahat doğuran bir məsələ deyil. Əlbəttə, sağlam, cavan adamla yaşlı, xəstə birini müqayisə etmək olmaz. Baydenin fəaliyyətinə baxanda da gah deyirlər, təyyarənin pilləkənlərində yıxıldı, gah da stula doğru əyləşə bilmədi. Amma onun fəaliyyətinə baxın, olduqca dürüst qərarlar qəbul edə bilir. Rusiya Ukrayna müharibəsində tutduğu mövqelər, Qərb koalisiyasını bir yerə gətirmək bacarığı, müxtəlif məsələlərdə Amerikanın mövqeyini möhkəmləndirmək bacarığı, bunlar rahat həll olunacaq məsələlər deyil. Bayden iddialı adamdır. Hansı xəstəlik olsa da, hazırda müasir tibbin qarşısında aciz deyil. Həm də dəri xəstəliyi çox ciddi xəstəlik sayılmaz. Ona görə mən hesab etmirəm ki, bu xəstəlik prezident olan adama, onun iddialarına təsir etsin. İkinci amil odur ki, Amerika kimi dövlətdə bu təhlükə sayılmır. O zaman təhlükəli olar ki, qərarları birinci adam verir, bütün dövləti idarə edir. Məsələn, Şimali Koreya kimi dövlətdə. Nəhayət, üçüncü amil, Baydenin fəaliyyətinə nəzər saldıqda kifayət qədər aydın, dürüst fəaliyyət görürük. Onu əvəz edə biləcək adamlar var, biri getsə, dərhal onu əvəz edəcək adamlar var. Hesab edirəm ki, çox ciddi fəsad olmasa, Bayden növbəti seçkilərdə iddiasından belə geri qalmayacaq. Ona görə mən düşünmürəm ki, Amerika siyasətində bu amil təsirli olsun”.

Afaq MİRAYİQ/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed