Şrift:
Fərəc Quliyev:İran Azərbaycana mütəmadi narkotik daşımaqla məşğul olub
14.03.2023 [11:05] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Martın 11-də İrana məxsus hərbi təyyarə 42 dəqiqə müddətində Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. XİN hesab edir ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Elə həmin gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub. Yanvarın 27-də İranda Azərbaycan səfirliyində törədilən terror aktı, İranın Ermənistanla xüsusi yaxınlaşması və İran hərbi təyyarəsinin Azərbaycan ərazilərində uçuşu İranın ciddi şəkildə Azərbaycana qarşı düşmənçilik siyasətinə başladığından xəbər verir.
“Milli Dirçəliş Hərəkatı” Partiyasının sədri Fərəc Quliyevin fikrincə, İranın belə düşmən hərəkətlərini ilk dəfə deyil ki, görürük. İran hər zaman Azərbaycana qarşı belə davranıb. Sadəcə olaraq son zamanlar İranın hərəkətləri daha çox üzə çıxarılır, göstərilir və hər kəs bundan xəbər tutur. Onun sözlərinə görə, İran müharibədən əvvəl də Azərbaycana mütəmadi narkotik daşımaqla məşğul olub. Azərbaycan ərazisində qruplaşmalar təşkil edib. Müəyyən dini təriqətlər ad altında qurumlar yaradıb, şəbəkələr formalaşdırıb, cəsus şəbəkəsi qurub. Azərbaycan əleyhinə mütəmadi təbliğat aparıb, Azərbaycan düşmənlərini gücləndirmək üçün həm Ermənistana, həm də Qarabağda olan separatçılara əlindən gələn hər vasitə ilə dəstək olub.

“Onların etdiyi əksər hərəkətlərin videogörüntüləri sosial şəbəkələrdə yayıldı. İran həmişə Azərbaycana qarşı əzələ nümayiş etdirməyə çalışıb. İranın institutlaşmış bir siyasəti var. Əsas məqsədi, Azərbaycan Respublikasının mövcud olmamasıdır. Buna gücü çatmırsa, zəifləməsini təmin etməkdir. Ona görə əlindən gələn hər şeyi deyir. Və başa düşür ki, İranda yaşayan Güney Azərbaycan Türkləri - 40 milyon insan, şimalında yerləşən Azərbaycan Respublikasını öz vətəni, ölkəsi hesab edir. Ona dəstək verir, yanındadır”-deyə Fərəc Quliyev bildirib. O, qeyd edib ki, məhz bu səbəbdən də ara-sıra Azərbaycana qarşı əzələ nümayiş edirirlər ki, həm oradakı Azərbayacn Türklərinə göstərsinlər ki, İran güclüdür və Azərbaycan Respublikasına qarşı güc işlədə bilər. Həm də, çalışırlar ki, bizə göstərsinlər ki, guya güclüdürlər. Partiya sədrinin fikrincə, Araz kənarında keçirilən təlimlər buna aiddir.

“Bir müddət Azərbaycanın dəniz üzərində hava sərhədlərini pozmuş, təyyarələrlə manevrlər etmişdilər. O zaman qardaş Türkiyə qırıcıları Azərbaycan səmasında gəldilər və İran qırıcıları uzun müddət yoxa çıxdılar. Sonra Araz kənarına gəlib, panton körpü atmağa başladılar. Guya öz güclərini göstərməyə çalışdılar. Azərbaycan qardaş Türkiyə hərbçiləri ilə birlikdə hərbi təlimlər keçirərək, cavab verdilər. Daha sonra Tehranda səfirliyimizə basqın edildi. Bu da elə belə hadisə deyildi. Bunların Tehranda yerləşən Azərbaycan səfirliyinə silahlı hücum etməsi, Azərbaycandakı "qalıntılarına", şəbəkələrinə Azərbaycanda qarışıqlıq yaratmaq üçün bir ismarıc idi. İstənilən qarşıqlığı araşdırsan, gedib bir ucu İrana bağlanacaq”-deyən Fərəc Quliyev hesab edir ki, bu məsələlərdə İran və Rusiya ortaq davranırlar. Son olaraq, martın 11-də İranın hərbi təyyarəsinin Azərbaycan sərhədlərində uçuşuna gəldikdə, partiya sədri bunu kəşfiyyat xarakterli uçuş hesab edir. Onun sözlərinə görə, bunun qarşılığında Azərbaycan beynəlxalq konvensiyalara, qanunlara görə nota verməli idi və bunu da etdi. Başqa hərəkət olarsa, Azərbaycan bunun adekvat cavabını verəcək.

“Ölkəmizin davranışında heç bir tərəddüd yoxdur. Yadınıza gəlirsə, ölkə başçısı Araz kənarında demişdi ki, biz özümüzdən qat-qat güclü olanlarla da, savaşmağa hazırıq. Biz heç kimdən çəkinmirik”-deyə Quliyev əlavə edib. O, hesab edir ki, hazırda İranın başı cəllad kötüyündədir… Bütün beynəlxalq qaydaları pozur, bütün dünyaya meydan oxuyur, Ukrayna-Rusiya müharibəsində Rusiyanı silahlandırır və s. Bu səbəbdən də indi bütün dünyanın gözü İranın üzərindədir. İran nəinki Azərbaycana, hətta zəif dövlətlərə belə heç nə edə bilməz. Sadəcə olaraq, bəzən özünü "güclü" göstərməyə çalışır.

“Azərbaycan tək özü yox, artıq böyük güclərlə və beynəlxalq təşkilatlarla birlikdə bu təhdidedici, bölgəni qarışdırmaq istəyən, dünyada terror dövləti kimi tanınan dövlətə qarşı mübarizə aparacaq. Bu kimi məsələlərdən isə, çəkinməyə ehtiyac yoxdur”-deyə Fərəc Quliyev əlavə edib.

İradə Cəlill/Bizimyol.info
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed