Şrift:
Fərəc Quliyev:Separatçıların Ermənistanla bütün əlaqələri Bakının nəzarətinə keçib
29.03.2023 [11:15] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Məqsədimiz odur ki, erməni əsilli mülki vətəndaşlarımız ziyan görməsinlər

Azərbaycan Ordusu Qarabağda keçirdiyi son əməliyyatla bir güllə belə atmadan separatçıların silah-sursat daşıdığı yolu nəzarət altına götürüb. Beləliklə, separatçıların Ermənistanla bütün əlaqələri Bakının nəzarətinə keçib. 10 noyabr üçtərəfli bəyanatdan sonra suverenliyimizi Qarabağın böyük hissəsinə yaya bilmişik. Hesab edilir ki, bundan sonra Qarabağda irəliləyiş lokal xarakterli əməliyyatlarla davam edəcək. Rəsmi Bakı göstərdi ki, bu addımlarla öz suveren ərazisində istədiyi kimi davrana bilər və praktiki olaraq qeyri-qanuni fəaliyyətlərə imkan verməyəcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev "Şərq"ə bildirib ki,
Azərbaycanın suverenliyi şəksizdir və bütün ərazilərimizə şamil olunur. Partiya rəhbəri vurğulayıb ki, Azərbaycan ərazisi olan Qarabağ iqtisadi zonasında istənilən davranışı edə bilərik və buna görə kimdənsə məsləhət almamalı, kiminləsə razılaşdırılmalı deyilik. Nə Ermənistandan, nə Rusiyadan, nə də separatçılardan:

"Azərbaycan tərəfi çalışırdı ki, yumşaq güclə sərt gücü bir yerdə modifikasiya etsin. Məqsədimiz odur ki, erməni əsilli mülki vətəndaşlarımız ziyan görməsinlər. Onların hamısını separatçı hesab etmirik və düşünürük ki, reinteqrasiya prosesində fərqli davranış lazımdır. Amma bundan sui-istifadə olunmağa başlandı. Rusiya sülhməramlılarının arxasında gizlənərək, fərqli davranış ortaya qoyurlarsa, güc tətbiq etməkdən başqa alternativimiz qalmır. Qanunun aliliyini təmin etmək üçün ölkənin istənilən yerində, o cümlədən Qarabağda addım atmaq konstitusion hüququmuzdur. Heç kim bizə irad tuta bilməz. Bəzən düşünürlər ki, müxtəlif beynəlxalq təşkilatlar nə deyər. Rusiya və Ermənistanın müdaxilə cəhdləri müzakirə olunur. Bunlara fikir vermək lazım deyil. Rusiya sülhməramlıları özlərini işğalçı kimi aparırlar. Onlara öz yerlərini göstərə-göstərə işimizi görməliyik. Son əməliyyat təqdir olunmalıdır. Tədricən bütün ərazilərimizi nəzarətə götürməliyik. Çünki təkcə Laçın yolu deyil, digər kənar yollardan da qanunsuz silah-sursat daşınır".

F.Quliyev hesab edir ki, birmənalı bütün sərhədlərimizi bərkitməliyik: "Ölkənin hər yerinə nəzarət edib, sadəcə bir yolu nəzarətsiz buraxmaq və oradan qanunsuz gediş-gəlişə imkan vermək düzgün deyil. Laçın yolu dəhliz deyil. Dəhliz ölkənin bir hissəsi ilə digər bölgəsini birləşdirir. Məsələn, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirir. Laçın yolunun verilməsində məqsəd Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların Ermənistandakı qohumları ilə əlaqə qurmasına imkan yaratmaqdır. Ancaq bu, o demək deyil ki, kim istəsə Laçın yolu ilə Qarabağa gedib-qayıda bilər. Necə ki, Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana gələrkən gömrük-sərhəd məntəqəsindən keçirlər, eyni sistemi Laçın yolunda da qurmaq lazımdır. Xarici işlər və müdafiə nazirliklərinin son bəyanatlarında bir daha vurğulandı ki, yolda nəzarət-buraxılış məntəqələrinin yaradılması artıq zərurətə çevrilib. Ölkə prezidenti də buna bir neçə dəfə toxunub. Bu, normaldır. Əgər iki ölkə arasında gediş-gəliş olacaqsa, bu, qanunlar əsasında olmalıdır".

Partiya sədri qeyd edib ki, Qarabağda silahlı adam varsa, silah varsa və ölkə qanunlarına tabe olmursa, separatçılıqla məşğul olursa, dərhal zərərsizləşdirilməlidir:


"Qarabağ ermənilərinin təzyiq altında olmasını, uzun müddət Ermənistanın girov məsələsinə çevrilməsini nəzərə alaraq, onlara amnistiya verirdik. Şərait yaradırdıq ki, bu məsələlərdə bir az fərqli davransınlar. Əlbəttə, söhbət Xocalı soyqırımında əli olan qatı cinayətkarlardan yox, sadə ermənilərdən gedir. Azərbaycan tərəfi ikinci dəfə çağırış etdi ki, aprel ayında Bakıda görüş keçirilsin və erməni vətəndaşlarımız bütün problemlərini, istəklərini dilə gətirsinlər. Rəsmi Bakı öz vətəndaşlarından təmasdan çəkinmir. Ancaq bununla paralel, üçtərəfli sazişin 9-cu bəndinə uyğun olaraq Azərbaycan türkləri Xankəndi və ətraf bölgələrə geri qayıtmalıdır. Həmçinin bəyanatın 4-cü müddəasına əsasən, erməni silahlıları bölgədən qeyd-şərtsiz çıxarılmalıdır. Kimsə bizə irad tutursa, biz də onlara sual veririk ki, Qarabağda qanunsuz silahlı dəstələrin nə işi var?! Ermənistan ordusundan qalmış tör-töküntülər ərazimizi tərk etməlidir. Bunu etməsələr, xüsusi təyinatlılarımız növbəti antiterror əməliyyatı keçirməyə məcburdur. Əgər əməliyyatlarımız, tədbirlərimiz davamlı və sərt şəkildə olsa, nəticə əldə olunacaq. Qalibləri mühakimə etmirlər. Yox əgər yumşaq davransaq, geri çəkilsək, onun-bunun təzyiqinə fikir versək, proses əks-effekt verəcək. 1988-ci il sondromunu yenidən yaşaya bilərik".

Həmsöhbətimiz İranın Naxçıvanla sərhəddə, Rusiyanın Ermənistanda hərbi təlimlərə başlamasını da şərh edib:

"İranın Azərbaycana münasibəti bəllidir. Rusiya və İranın mövqeləri üst-üstə düşür. Unutmayaq ki, tarixi ərazilərimizi bölən, parçalayan məhz bu iki dövlətdir. Onlar Azərbaycan Respublikasının zəifləməsini, hətta belə bir dövlətin olmamasını istəyirlər. İran və Rusiya Azərbaycan dövlətini yer üzündən silməyə çalışır. Amma şərtlər dəyişib. İran bizə qarşı meydan oxuyursa, qarşısında təkcə quzeydəki Azərbaycanı deyil, güneydəki 40 milyon Azərbaycan türkünü də görəcək. Rusiya isə yaxşı olar ki, küçədən-bayırdan Ukrayna ilə savaşmaq üçün zorla topladığı ruslara təlim keçsin. Məcburi müharibəyə göndərilən rusları Ukrayna əsgərləri siçan kimi qırıb tökürlər.

Ukrayna ilə savaş göstərdi ki, Rusiyanın düz-əməlli nə texnikası, nə də əsgəri var. Azərbaycan Ordusu isə mütəmadi olaraq güclü Türkiyə ilə birlikdə NATO standartlarına uyğun şəkildə ortaq təlimlər keçirir. Əminliklə deyirik ki, çox güclü Ordumuz var və istənilən düşmənin qarşısında dayanmaq imkanlarımız var. Şuşa Bəyannaməsi də təxminən NATO-nun nizamnaməsindəki 5-ci bəndə uyğundur.

Əgər iki dövlətdən birinə hansısa təzyiq, hərbi müdaxilə olarsa, iki ölkənin birgə ordusu dərhal hərəkətə keçəcək. Əgər bacarırlarsa, "hodri meydan", buyursunlar".

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed