Şrift:
Ermənistanla sərhəddəki nəzarət-buraxılış məntəqəsi suveren ərazilərimizə nəzarətimizin tam olmasının sübutudur
27.04.2023 [10:18] - Gündəm, Siyasət
Aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsi bizə böyük qürur bəxş etdi. Onu da qeyd etməliyik ki, ekofəallarımız Laçın-Xankəndi yolunda artıq 136 gündür çağırışlarını edir, qətiyyətli mübarizələrini aparırlar. Prezident İlham Əliyev demək olar bütün çıxışlarında azərbaycanlı ekofəalların qətiyyətli mübarizəsinə toxunur. Biz bunun şahidi olmuşuq. İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uğurlu siyasəti nəticəsində biz artıq Qarabağ torpaqlarında rahat və təhlükəsiz yaşaya biləcəyik. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın bütün sərhədlərinə tam nəzarəti ələ aldığını göstərir. Nəzarət-buraxılış məntəqəsinin yaxınlığında yerləşdirilmiş lövhə üzərindəki “Diqqət! Azərbaycan ərazisinə daxil olursunuz” sözləri qururvericidir və bunu görmək hər bir Azərbaycan vətəndaşını fərəhləndirir, onda çox böyük ruh yüksəkliyi yaradır. Qarabağda görülən işləri, orada gedən sürətli inkişafı dünya ictimaiyyəti də görür. Tezliklə Laçın şəhərinə də yerli əhali qayıdacaq, onlar dədə-baba torpaqlarında rahat yaşayacaqlar. Artıq ermənilər başa düşürlər ki, onların tutduqları yol heç də düzgün deyil.

Bu fikirləri açıqlamasında Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə söyləyib.

Ötən ilin sentyabrında Laçın şəhərinin nəzarətimizə keçdiyini, Prezident İlham Əliyevin oraya səfər edərək şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdığını xatırladan icraçı direktor qeyd edib: “Prezident İlham Əliyevin Laçın şəhərinə səfərindən sonra orada da yenidənqurma işlərinə start verildi. Hazırda Laçın şəhərində və kəndlərində yaşayış üçün gözəl şərait yaradılır, insanların tezliklə oraya köçürülməsi nəzərdə tutulur. Təbii ki, bu cür hallar Ermənistanı çox narahat edir və ermənilər müxtəlif təxribatlara əl atırlar. Ancaq təxribatlar törətmələri bir daha onların zəifliyini, hakimiyyətlərinin başında duran insanların səriştəsizliyini göstərir. Ermənistan bu məkrli siyasətindən əl çəkməlidir. Biz bilirik ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalanıb. Danışıqlar nəticəsində Ermənistan 20 kilometr enində dəhliz istəyirdi. Lakin Prezident İlham Əliyevin sərt və barışmaz mövqeyi ilə Azərbaycan heç bir itki vermədən Laçın şəhərini təhvil aldı və onlara verilən dəhliz də istədiklərindən dəfələrlə kiçik oldu.

İcraçı direktor diqqətə çatdırıb ki, bu səhər Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Ali Baş Komandan İlham Əliyevə məruzəsi bütün Azərbaycan xalqını qürurlandırdı. “Artıq bütün dünya görür ki, biz sülh sazişinə hörmətlə yanaşan bir dövlətik və dövlətimizin başçısının da dediyi kimi: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Hətta müharibə dövründə də Prezident İlham Əliyevin xarici media orqanlarına çox səlis şəkildə müsahibələrində də göstərilirdi ki, biz heç də Xankəndidə yaşayan erməniləri öz vətəndaşlarımızdan ayırmayacağıq. Əgər qəbul etsələr, onlar bizim vətəndaşlara yaradılan bütün şəraitlərlə təmin olunacaqlar. Bu, dövlətimizin başçısının qətiyyətli mövqeyidir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət bir daha onu göstərir ki, biz Qarabağ torpaqlarını tam işğaldan azad etmişik və bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycan xalqı olaraq çox qürurverici anlar yaşayırıq”.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed