Şrift:
Fərəc Quliyev:Ekofəallarımız ermənilərin xülyasını puç etdilər
29.04.2023 [23:23] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verdiyimiz kimi, Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji aksiyanın iştirakçılarının bir qrupu arasında görüş keçirilib. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması təklif olunub.

Təklifi nəzərə alaraq 138 gündür aksiya keçirən ekofəallar aprelin 28-dən aksiyanı dayandırmaq barədə qərar qəbul ediblər.

Xatırladaq ki, ekofəallar aksiyaya 2022-ci ilin dekabrın 11-də başlayıblar. Aksiya iştirakçıları Azərbaycan ərazisindəki yataqların qanunsuz istismarı və ona Azərbaycan nümayəndələrinin buraxılmasını tələb edirdilər. Aprelin 23-də Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında Azərbaycan sərhəd-keçid məntəqəsi qurdu. Ardınca gömrük işçiləri də ərazidə fəaliyyətə başladılar. Bununla da Ermənistan ərazisindən Qarabağdakı qondarma rejimə və əks istiqamətə qanunsuz hərəkətlərin və daşınmaların qarşısı alınır.

Bizim.Media-ya açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fikrincə, Laçın yolunda buraxılış məntəqəsi qoyulması Şuşanın azad edilməsi qədər mühüm əhəmiyyət və ciddi rezonans doğuran bir hadisə oldu:

“Ekofəalların aksiyası nəticəsində ciddi nəticə əldə edilib. Laçın koridoru deyilən yerdə, Azərbaycanın sərhədlərini tamamlayan davranışın nümayiş etdirilməsi ölkəmizin təhlükəsizliyi baxımından mühüm məsələ idi. Təsəvvür edin ki, sərhədimizin açıq qalan bu hissəsinə istənilən adam gəlir-gedir, təxribatçılar, terrorçular göndərilirdi. İndi bunun qarşısı alındı.

Azərbaycan Qarabağla bağlı bir neçə məsələyə son qoydu. Bildirdi ki, bura Azərbaycan ərazisidir, öz sərhədləri daxilində hər şeyi özü həll edəcək. Artıq düşmən tərəfi ərazimizə daxil ola bilməyəcək. Belədə daxildə dinc ermənilərlə danışmaq, onların inteqrasiyası prosesini təmin etmək mümkün olacaq.

Ermənilər əmin idi ki, rus sülhməramlıları və İranın dəstəyi fonunda ərazi heç zaman bağlana bilməzdi. Ekofəallarımız isə öz ardıcıl addımları ilə ermənilərin bu xülyasını da puç etdilər.

Ekofəallarımız bununla ictimai rəyin nə olduğunu dünyaya, Ermənstana və erməni əsilli azərbaycanlılara göstərdilər. Azərbaycan bununla yumşaq gücdən ağıllı şəkildə istifadə edə bildi. Qanunsuz istismar olunan mədənlərimizin talan olunmasının qarşısı alındı. Azərbaycan bununla sərt gücünün yumşaq gücdən qaynaqlandığını da nümayiş etdirdi. Dünya gördü ki, Azərbaycan əhalisi özünün suveren hüquqları uğrunda mübarizə aparır”.

Rüfət Sultan, Bizim.Media
Bu xəbər oxucular tərəfindən 1094 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed