Şrift:
Fərəc Quliyev:Vaşinqton razılaşmanı birbaşa Azərbaycan və Ermənistanın üzərinə buraxır
08.05.2023 [09:47] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Moskva prosesə kölgə salmasa tezliklə nəticə olacaq

Mayın 1-dən ABŞ-nin Arlinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında davam edən danışıqlar dünən də davam etdirilib. Nazirlər Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüblər. Amerika rəsmiləri hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşüblər, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər. Vurğulanıb ki, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında İkitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə olunub. Buna rəğmən, əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını bildiriblər. ABŞ dövlət katibi Entoni Blinken də deyib ki, gərgin və konstruktiv ikitərəfli və üçtərəfli müzakirələrdən sonra tərəflər çətin məsələlərdə mühüm irəliləyiş əldə ediblər. Onun sözlərinə görə, hər iki tərəf münasibətlərin normallaşdırılmasına səmimi sadiqlik nümayiş etdiriblər. ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur. Brayza 1999-cu ildə Ermənistan parlamentində baş verənləri xatırladıb: “Paşinyanı dəstəkləyənlər sülh istəyirlər. Paşinyanı dəstəkləməyənlər, müxalifət isə əksini istəyir. Ermənistanda yenidən müharibə, təxribat törətməyə cəhd edənlərin olacağı istisna deyil”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev "Şərq"ə açıqlamasında deyib ki, Rusiya ABŞ-nin təşəbbüsü və vasitəçiliyi ilə Vaşinqtonda keçirilən görüşü hörmətdən salmağa çalışır. Partiya rəhbərinin sözlərinə görə, Moskva prosesi aşağılamaq, kiçiltmək və özlərini qiymətə mindirmək istəyir:

"Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqların çox ciddi nəticəyə hesablandığını demək olar. ABŞ bu məsələdə "biz etdik" iddiası ilə çıxış etmir. Vaşinqton çalışır ki, məsələ dövlətlərarası münasibətlərin qurulması haqqında anlaşma kimi müzakirə olunsun və proses inkişaf etdirilsin. Mühüm bir məsələ ondan ibarətdir ki, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasındakı bütün görüşlərdə ancaq fərqlilikləri qabartmaqla məşğul olub. Məhz bu təftişçilik tərəflərin ortaq məxrəcə gəlməsinə maneçilik törədir. Rusiya bundan yanadır. ABŞ isə daha çox oxşarlıqları ortaya qoyur. Hansı məsələlərdə anlaşmalar mümkündürsə, onları gündəmə çıxarır. Artıq bəzi məsələlərdə razılaşmaların olduğu deyilir. Amerikalı rəsmilər hesab edirlər ki, normal danışıqların davam etdirilməsi, təmasların olması belə özlüyündə uğurdur. Rusiya bütün məsələlərdə "üçtərəfli anlaşma", "üçtərəfli saziş" ifadələrini önə çəkərək mütləq şəkildə özünü tərəf kimi ortaya qoyur. Amerika isə məsələyə "ikitərəfli danışıqlar" kimi baxır, sadəcə "ev sahibi" kimi yanaşır və görüşlərdə birbaşa iştirak etmir. Hətta bəyanatlar da vermir. Rusiyada olan danışıqlarda ya XİN başçısı S.Lavrov, ya da qurum sözçüsü M.Zaxarova tərəflərdən əvvəl bəyanatlar verirlər. Vaşinqton bu məsələni Azərbaycan və Ermənistanın üzərinə buraxır. Bu, çox ciddi məsələdir".

F.Quliyev vurğulayıb ki, ABŞ-dəki görüşlərdə yeni çalarlar ondan ibarətdir ki, Amerika heç vaxt bu qədər Azərbaycanın dilində danışmayıb:

"ABŞ sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünün tanınması və s. məsələlərə çox az təmas edirdi. İndi bu məsələlər gündəmdədir və Qarabağın "statusu" kimi söhbətlər gündəmə gətirilmir. Azərbaycan da bunu istəyirdi. Düşünürəm ki, prinsipial məsələlərdə razılıq olsa, detalları həll etmək mümkün olacaq. Gələn həftə Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva görüşü gözlənilir. Həmçinin mayın ortalarında Azərbaycan və Ermənistan XİN rəhbərləri bir araya gələcəklər. Adətən Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra Rusiya mütləq bir görüş təşkil edir. Moskva prosesə kölgə salmaqda, yaxud "insiyativ məndədir" deməkdə maraqlıdır. Amma Rusiyanın vasitəçiliyinə artıq heç kim ciddi yanaşmır. Hələ Azərbaycana münasibəti bir kənara qoyaq. Ukraynada dinc əhalini qıran işğalçı bir dövlətin nə cür vasitəçiliyi ola bilər?! Əslində Kreml də fərqindədir ki, bu məsələ onun əlindən çıxıb, sadəcə imkan qədər əlində saxlamağa çalışır. Rusiya ilə yanaşı İran da Azərbaycan və Ermənistan arasında sülhün alınmamasında, gecikməsində maraqlıdır. Ancaq görünən odur ki, ABŞ bu məsələdə ciddi səy göstərir. Ermənistan tərəfi çəkingən davranmasa, proseslər pozitiv inkişaf edə bilər. Rusiyanın əlində qalan yeganə rıçaq erməni millətçilərindən istifadə etməklə təxribata əl atmaqdır. Lakin bunlar son çırpıntılardır. Mən ABŞ-də başlayan prosesin davam edəcəyinə və nəticə olacağına inanıram".


Kənan Novruzov/sherg.az
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed