Şrift:
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Yaponiyaya səfərə yola düşüb
18.05.2023 [14:41] - Gündəm, Siyasət
ABŞ Prezidenti Cozef Bayden “Böyük yeddilər” (G7) qrupuna daxil olan ölkələrin liderlərinin Zirvə görüşündə iştirak etmək üçün Yaponiyanın Hiroşima şəhərinə yola düşüb.

Cozef Bayden İkinci Dünya müharibəsi vaxtı Birləşmiş Ştatların nüvə silahı atdığı Hiroşima şəhərinə səfər edən ikinci ABŞ Prezidenti olacaq. Sabiq prezident Barak Obama da tarixdə ilk dəfə atom bombasının atıldığı Hiroşima şəhərinə səfər edib.

“Böyük yeddilər”in Hiroşima Zirvə görüşü mayın 19-da başlayacaq. Yaponiyanın Baş naziri Fumio Kişidanın sədrlik edəcəyi üçgünlük toplantının gündəminin əsas mövzularından biri Rusiya-Ukrayna müharibəsi, nüvə silahlarının ləğvi, təchizat zəncirinin şaxələndirilməsidir.

Zirvə toplantısı çərçivəsində ABŞ Prezidenti Cozef Baydenin, Yaponiyanın Baş naziri Fumio Kişidanın və tədbirə qonaq qismində dəvət olunan Cənubi Koreya Prezidenti Yun Sok Yolun üçtərəfli görüşü də nəzərdə tutulub.

Hiroşimada G7 Zirvə toplantısı ilə əlaqədar fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu məqsədlə ölkənin digər bölgələrindən təhlükəsizlik qüvvələri cəlb olunub. Ümumilikdə, təhlükəsizlik tədbirlərinə 24 min nəfər cəlb edilib. Yaponiyanın sabiq Baş naziri Şinzo Abenin sui-qəsd nəticəsində qətlə yetirilməsi, habelə hazırkı Baş nazir Fumio Kişidaya Vakayama prefekturasında seçicilər qarşısında çıxış edərkən tüstülü bomba atılması yerli hökuməti Hiroşima sammiti üçün təhlükəsizlik tədbirlərinə diqqəti daha da artırmağa vadar edib. Zirvə görüşü ilə əlaqədar yollarda hərəkət və məkanlara giriş tam bağlanıb, sakinlərə fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmək tövsiyə olunub. Kommersiya avtomobillərinə isə gecə vaxtı hərəkət qadağan edilib. Bundan başqa, 140 orta məktəbdə tədris, tanınmış avtomobil istehsalçısı olan “Mazda”nın zavodunda isə iş bir neçə günlüyə dayandırılıb.


Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed