Şrift:
Həkim: Piylənmə olan insanlarda xroniki böyrək xəstəlikləri digərlərinə görə 83% daha artıq görünməkdədir
03.07.2023 [11:04] - Sağlıq
Piylənmə qida ilə alınan enerjinin xərclənən enerjidən artıq olması nəticəsində bədənin yağlı kütləsinin artmasıdır.

Bunu Kliniki Tibbi Mərkəzin Nefrologiya və hemodializ şöbəsinin müdiri, həkim-nefroloq Xəyalə Quluzadə deyib. Həkimin sözlərinə görə, bu zaman çəki artımı piy toxumasının artması hesabına olur:

"Piylənmə genetik meyl, hormonal səbəblər, yanlış qidalanma vərdişləri və oturaq həyat tərzi nəticəsində yarana bilər. Ancaq bu amillər arasında ən çox piylənməyə səbəb olanlar həddindən artıq qidalanma, qeyri-sağlam və oturaq həyat tərzidir".

Xəyalə Quliyeva bildirib ki, obezlik ciddi bir sağlamlıq problemidir, istər dolayı yolla, istərsə də, birbaşa olaraq insan həyatını risk altına almaqdadır:

"Başda qan-damar sistemi olmaqla bütün orqanizmi, həmçinin böyrəkləri zədələyir. Araşdırmalar göstərir ki, piylənmə olan insanlarda xroniki böyrək xəstəlikləri digər əhali qrupuna görə 83% daha artıq görünməkdədir. Piylənmə ürək xəstəlikləri, şəkərli diabet, hipertoniya, yüksək xolesterol, obstruksiya, yuxu apnesi, hipoventilyasiya (Pickwcik sindromu), tromboemboliya, dərin vena trombozları, qaraciyər yağlanması, öd kisəsi xəstəlikləri, podaqra xəstəliyi, kalsifikasiya, müxtəlif xərçəng, miqren atakları, depressiya, digər psixi pozğunluqlar və s. kimi xəstəliklərə səbəb olmaqla ümumi əhali arasında ölüm riskini artırır və həyat keyfiyyətini aşağı salır”.

Həkimin sözlərinə görə, yüksək arterial təzyiq, şəkərli diabet, yuxuda apnoe kimi xəstəliklər də birbaşa böyrəklərin zədələnməsinə gətirib çıxarır: “Piylənmə ilə bağlı böyrək xəstəliklərinin başlanğıcı asemptomatik və sakitdir. Bütün bunlarla bərabər obez insanlarda böyrəklər artıq çəkili orqanizmdə mübadilənin son məhsullarını süzərkən daha çox işləməli olurlar, bu da böyrək daxili təzyiq artımına və böyrəklərdən zülal itkisinə səbəb olur. Nəticədə bu xəstələrdə obezitə ilə əlaqəli glomerulopatiyaların yaranmasına səbəb olur. Piylənmə ilə əlaqədar böyrək zədələnməsi haqqında araşdırmalarda glomeruli səviyyəsində zədələnmə ilə bağlı daha çox tədqiqat aparılıb, tubulopatiyanın inkişafını araşdıran tədqiqatlar məhduddur. Bu, xəstələrdə çəki verdikcə proteinuriyada da azalma izlənməkdədir”.

Xəyalə Quluzadə həmçinin bildirib ki, obez xəstələrdə böyrək daşlarının, böyrəklərin bədxassəli şişlərinin yaranması riski də digər insanlara nisbətən daha çoxdur:

“Obez insanlarda təhlükəsiz və sağlam şəkildə arıqlamaq, həftədə ən az 300 dəqiqə fiziki fəaliyyət, həftədə ən az iki dəfə əzələ gücləndirici hərəkətlər, sağlam qidalanma və qida porsiyasına nəzarət, hətta bəzi hallarda piylənmə (arıqlama) əməliyyatı tövsiyə olunur. Piylənmənin qarşısını almaq üçün tövsiyələrə yağ və şəkərdən enerji qəbulunun məhdudlaşdırılması, təzə meyvə və tərəvəzlərin istehlakının artırılması və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq (uşaqlar üçün gündə 60 dəqiqə, böyüklər üçün isə həftədə 150 dəqiqə) daxildir”.
Bu xəbər oxucular tərəfindən 5034 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed