Şrift:
Fərəc Quliyev:İran hər vasitə ilə Şimali Cənubi Azərbaycanda vahid xalqın yaşadığını unutdurmağa çalışıb
28.07.2023 [22:16] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verildiyi kimi, İranın dövlət agentliyi İRNA-nın Azərbaycan dilində bölməsi fəaliyyətə başlayıb. Məqsədin “Azərbaycan auditoriyasının İranla bağlı xəbərlərə birbaşa çıxışının olmasına şəraitin yaradılması və iki ölkənin ortaq düşmənlərinin (?) media planlarına qarşı fəaliyyət göstərmək, saxta xəbərlərlə mübarizə aparmaq” olduğu qeyd olunur.

Amma İRNA-nın Azərbaycan bölməsi “İRNA azəri” adı ilə fəaliyyətə başlayıb. “Azəri” adlı millət, yaxud belə bir dil varmı?

Qeyd edək ki, Agentliyin əməkdaşı Məhəmməd Rzapur da iyulun 21-də Şuşada Prezident İlham Əliyevə sual ünvanlayanda “İRNA azəri” demişdi, Prezident isə cavabında “İRNA Azərbaycan” olaraq düzəliş etmişdi.

“O zaman sual yaranır: İran "xoş niyyət" olaraq qələmə verdiyi bu addımda Azərbaycanın və Azərbaycan dilinin adını niyə təhrif edir?! “Azəri” adının arxasında hansı niyyət yatır?", - deyə siyasi şərhçi Asif Nərimanlı haqlı sual edib.

“Azəri” - azərbaycanlıların türk yox, farsdan dönmə millət olduğu ideologiyasına xidmət edən əsas tezisidir. İlk dəfə Əhməd Kəsrəvi tərəfindən irəli sürülüb. Kəsrəvi 1926-cı ildə nəşr etdirdiyi “Azəri ya Zəban Bastane Azərbaycan” adlı kitabında iddia edir ki, “azərbaycanlılar türk yox, "azəri" adlı ayrı millətdir və farsların bir qoludur, “azəri” dili də fars dilinin törəməsidir, azərilər türklərin bölgəyə gəlişindən sonra dillərini dəyişiblər", - Nərimanlı vurğulayıb.

Yəni hədəf İranın “azəri” sözündən azərbaycanlıların etnik kimliyini öz məqsədi kontekstində təqdim etməsidir. Unutmayaq ki, İranda bir çox KİV-lər, o sırada hakim rejimə yaxın media Azərbaycanı tez-tez “Bakı dövləti” adlandırır.

Bu dəfə söhbət İranın dövlət agentliyindən getdiyi üçün buna etirazımız nə cür olmalıdır? “İRNA azəri” “İRNA Azərbaycan” olacaqmı?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev isə qeyd etdi ki, İran hər zaman Azərbaycan adının sıradan çıxarılması üçün çalışıb. O, ostanların adının dəyişdirildiyini xatırlatdı: “Azərbaycan ərazilərində Azərbaycan türkçəsində olan yer adları, məscidlərin adları, küçələrin adları dəyişdirilib. İnsanların etirazlarından sonra bəzi adlar bərpa edildi. Eyni zamanda mədəni-irsi abidələrimiz dağıdılıb. Azərbaycanlıların didərgin salınması üçün də müəyyən addımlar atılıb. İran imperiyasının Azərbaycan hissəsində iqtisadiyyatın inkişaf etməməsi üçün hər iş görüb. Bütün yatırımlar digər ərazilərə qoyulub. Urmiyə gölü ilə bağlı heç bir iş görülməyib, hətta ətraf ərazilərdə insanların köçürülməsi və etnik dəyişiklik olması üçün tədbirlər görüb. Hər vasitə ilə Şimali və Cənubi Azərbaycanda vahid xalqın yaşadığını unutdurmağa çalışıblar. Bu siyasət 1828-ci ildən başlayaraq davam edir.

“İRNA azəri” ifadəsinin işlədilməsi iki məqsəd daşıyır: birincisi, şimal və cənubda yaşayan Azərbaycan türklərini fərqli xalqlar kimi təqdim etmək, ikincisi isə dövlətimizi rəsmən tanımamaq. “Bakı səfirliyi” ifadəsi də Azərbaycan adına qısqanc yanaşmanın təzahürüdür. Hesab edirəm ki, dövlətimizin adının düzgün yazılmasını tələb etmək lazımdır. Ən azından protokol qaydalarına riayət etmək lazımdır. Əgər istəmirlərsə, Azərbaycanda fəaliyyət göstərməyə bilərlər. Burada yaradılan mədəniyyət mərkəzləri, müxtəlif qurumlar ancaq agentura şəbəkələri yaradıblar. Dini qurumlar adı altında terror təşkilatları yaradıblar. Hesab edirəm ki, fəaliyyətə başladıqdan sonra ilk xətada onların Azərbaycanı tərk etməsini təmin etmək lazımdır".

Nigar HƏSƏNLİ/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 1224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed