Şrift:
Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini kəskin şəkildə qınayıb
02.08.2023 [09:50] - Qərbi Azərbaycan-İrəvan
Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın Azərbaycana qarşı düşmənçiliyə çağıran, beynəlxalq hüquqa həqarət olan qərəzli müraciətini kəskin şəkildə pisləyir və bunu Fransa cəmiyyətində tüğyan edən irqçiliyin, islamofobiyanın və azərbaycanofobiyanın bariz göstəricisi kimi dəyərləndirir.

Qərbi Azərbaycan İcmasından verilən məlumata görə, fransız deputatlara xatırladılıb ki, onların iddia etdiyi “etnik təmizləmə” siyasəti öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad edən və hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azərbaycan tərəfindən deyil, qərbi azərbaycanlıları Ermənistandan deportasiya etmiş, onların qayıdış hüququnu inkar edən, onilliklər boyu Azərbaycan ərazilərini işğal altında saxlamış Ermənistan tərəfindən törədilib.

Fransız deputatların diqqətinə çatdırılıb ki, ciddi-cəhddə müdafiə etdikləri Avropa İttifaqının Ermənistandakı Missiyasının hər gün patrul apardığı ərazilərin əksəri vaxtilə qərbi azərbaycanlıların yaşadığı və 30 il öncə deportasiya edildiyi ərazilərdir.

Əgər fransız deputatları həqiqətən də iddia etdikləri “beynəlxalq hüquq”, “demokratik dəyərlər” maraqlandırsaydı, onda onlar separatizmi, revanşizmi, cəzasızlığı təşviq edən Ermənistanı və qondarma qurumun qalıqlarını deyil, sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcmasını, onun Ermənistanla dialoq təklifini və Qərbi azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdışını dəstəkləməliydilər.

Qərbi Azərbaycan İcması fransız deputatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qəsddən, bölgədə vəziyyəti gərginləşdirən fəaliyyətdən çəkinməyi və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edib. Həmin deputatlar öz ölkələrində hökm sürən irqçiliyə və islamofobiyaya qarşı mübarizə aparmağa, Korsika dilini qadağan etməməyə və müstəmləkə təfəkküründən əl çəkməyə çağırılıb.
Bu xəbər oxucular tərəfindən 5529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed