Şrift:
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının yekun konserti olub
03.08.2023 [11:50] - Gündəm, Mədəniyyət
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Avqustun 2-dəki yekun tədbirində Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instrumental ansamblının iştirakı ilə tamaşaçılara konsert proqramı təqdim edilib. Ansamblın heyətinə Əməkdar artist Ələkbər Ələkbərov (tar), Şakir Davudov (violin), Orxan Musayev (balaban, klarnet), Xasay Gülməmmədov (saz, ud), Bəhram Mahmudov (qoşa nağara, perkussiya), Elvin Bəşirov (zərb alətləri), Taleh Ağayev (piano), Elmir Əliyev (nağara), Səlim Məmmədov (bas gitara) və Hidayət Sadıqbəyli (piano) daxildir.
Konsertdə Xalq artisti Ənvər Sadıqovun, Əməkdar artist Emil Əfrasiyabın və “Qaytağı” instrumental ansamblının təqdim etdiyi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından və “Əhməd haradadır?” kinofilminin musiqisi əsasında popurrilər, Cahangir Cahangirovun “Zəriflik”, xalq rəqsi “Xançobanı”, “Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, Ənvər Sadıqovun “Praktike by 9/8”, Emil Əfrasiyabın “Prayer”, R.Qasımovanın “Anacan, dostum evlənir”, “Ətrin qalıb güllərdə”, V.Cosma – “Oyuncaq” kinofilminin musiqisi əsasında popurri, Tofiq Quliyevin “Naxçıvani”, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəni həyatında çox mühüm əhəmiyyətə malikdir. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir.


Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 27-də başlanan və yeddi gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak ediblər. Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu.

Festival günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Bakı Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, Litva Kamera Orkestrinin, gənc muğam ifaçılarının konsertlərini izləmək imkanı əldə ediblər. Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150, görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90, tanınmış pianoçu Bella Davidoviçin 95, görkəmli alman bəstəkarı İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi konsert proqramları ilə qeyd edilib. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində və açıq səhnədə keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izləyib.
Bu xəbər oxucular tərəfindən 6536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed