Şrift:
Fərəc Quliyev:Partiyaların qeydiyyatı partiyaların format olunmasıdır
07.09.2023 [12:55] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 8-ni artıq dövlət qeydiyyatına alıb. Həmin partiyalar bunlardır:

Yeni Azərbaycan Partiyası (YAP) - sədr İlham Əliyev;

AĞ Partiya - sədr Tural Abbaslı;

Vətəndaş Həmrəyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı;

Haqq Ədalət Partiyası - sədr Əli İnsanov;

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) - sədr Arzuxan Əlizadə;

Ümid Partiyası - sədr İqbal Ağazadə;

Milli Dirçəliş Hərəkatı Partiyası - sədr Fərəc Quliyev;

Ana Vətən Partiyası - sədr Fəzail Ağamalı.

Qeyd edək ki, Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb. 1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib. Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.

Bu il “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.

Hazırda yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etmiş 19 siyasi partiya Ədliyyə Nazirliyindən cavab gözləyir.

Siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi davam edir. “Siyasi partiyalar haqqında” Qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı partiyaların təqdim etdiyi siyahıların bəzilərində qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiyalar üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Artıq bir neçə partiya qeydə alınıb, bəziləri isə cavab gözləyir.

Seçki sistemində proporsional qaydanın tətbiqi nələrə gətirib çıxara bilər? Partiyalar buna hazırdırmı?


Milli Dirçəliş Hərəkatı Partiyasının Fərəc Quliyev isə bildirdi ki, yeni qanuna görə, partiyaların qeydiyyatı partiyaların format olunmasıdır. Partiyalar sanki format olunur. Bu formatlanma partiyaların gələcək seçkilərdə uğurlu fəaliyyətinə təkan verəcək. Azərbaycan Konstitusiyasında bir sıra dəyişikliklərə, o cümlədən proporsional seçki sisteminin bərpa olunmasına zərurət var: “Artıq siyasi arenada qalan partiyalarda onlar üçün yeni dövr başlanır, meydan açılır. Təbii ki, yeni çətinliklər də olacaq. Proporsional seçkilər bərpa olunacağı halda partiyaların üzərinə daha böyük məsuliyyət, daha çox işləmək, daha çox təşkilatlanmaq, daha çox üzvləri cəlb etmək kimi böyük məsuliyyət düşəcək. Proporsional seçki sistemində insanlar fərdlərə deyil, düşüncəyə, partiyanın ideologiyasına, proqramına səs verəcək. Qarışıq sistem çox vacibdir. Referendum olacaqsa və proporsional seçki sistemi bərpa ediləcəksə, cəmiyyət, partiyalar bu dəyişikliyə səs verəcək. Proporsional seçkilər partiyaların iştirakçılığına təkan verəcək. Proporsional seçki sistemi təkcə partiyalara hüquq vermək deyil, həm də məsuliyyət verməkdir, onları yoxlamaqdır. Partiyalar yerli seçkili idarəetmə sistemində iştirakçılıq əldə edəndə cəmiyyət onların necə idarə etdiyini, bacarıqlarını əyani görəcək. Eyni zamanda proporsional seçki sistemi partiyadxili rəqabəti də artıracaq ki, bu da partiyaların güclənməsinə səbəb olacaq. Bütün bu qeyd olunanlar partiyaların proporsional seçki sisteminin şərtlərinə uyğun fəaliyyətini zəruri edəcək”.

Etibar SEYİDAĞA/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed